“Baş məşqçimiz dedi ki, Manuel Noyerlə...” - Dmitri Nazarov
27.11.2019 - 12:37
“Baş məşqçimiz dedi ki, Manuel Noyerlə...” - Dmitri Nazarov

“Penalti vurarkən qapıçının nə etdiyinə diqqət yetirirəm. Amma bu zərbələrlə bağlı öz ideyam da var. Bunu açıqlamaq istəmirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

Milliləşən legioner çıxış etdiyi Almaniyanın 2-ci Bundesliqa klubu “Aue”nin heyətindəki penaltiləri dəqiq yerinə yetirməsindən danışıb. Yarımmüdafiəçi bu klubdakı 13 belə zərbədən 12-dən istifadə etməyinin sirlərini tam açıqlamayıb: “Əgər zərbə anında fikrinizi dəyişsəniz, qol olmamaq ehtimalı artır. Ona görə zərbə zamanı özünəinamlı və 100 faiz diqqətli olmalısınız”.

D.Nazarov Manuel Noyerə də qol vurduğunu xatırlayıb: “Yoxlama oyununda “Bavariya” ilə görüşürdük. Penalti qazananda baş məşqçimiz dedi ki, Manuel Noyerlə dueldən sonra belə zərbələri daha inamla vuracaqsan. Sonradan özüm-özümə dedim ki, sən Noyerlə dueldə qalib olmusan, ondan yaxşı qapıçı yoxdur”.

Futbolçumuz bildirib ki, “Bohum”un 62 penaltidən 20-ni qaytaran qapıçısı Rimanla dueldən də çəkinmir: “Ona 3 dəfə penaltidən qol vurmuşam. Düzdür, cari mövsümdə 4 zərbədən üçünü qaytarıb. Amma şənbə günü keçiriləcək matçda penalti şansımız olsa, yenə özüm yerinə yetirəcəyəm”.