“Bavariya” baş məşqçisini istefaya göndərdi
04.11.2019 - 01:53
“Bavariya” baş məşqçisini istefaya göndərdi

Almaniyanın “Bavariya” klubunda baş məşqçi istefası gerçəkləşib.

APA-nın məlumatına görə, Münhen klubu xorvatiyalı Niko Kovaçla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.

Buna komandanın son uğursuzluqları səbəb olub. Bundesliqanın son turunda “Ayntraxt”a 1:5 hesablı məğlubiyyət isə rəhbərliyin səbir kasasını daşırıb. Son çempionun 10 turdan sonra 4-cü pillədə qərarlaşması da belə addım atmağa əsas verib.

Noyabrın 2-də keçirilən oyundan sonra klubdaxili iclasın baş tutduğu və 48 yaşlı mütəxəssisə 2 oyunluq vaxt veriləcəyi bildirilirdi. Lakin sonradan N.Kovaçın istefasını gözlətməmək məqsədəuyğun sayılıb. Komandaya müvəqqəti rəhbərlik etmək isə köməkçi məşqçi Hans Flikə tapşırılıb.

Qeyd edək ki, xorvatiyalı 2018-ci aprelindən “Bavariya”nı çalışdırırdı.