“Belə məşqçiyə niyə milyonlarla avro ödəyim?” - assosiasiya prezidenti de Byazi haqda
22.11.2020 - 13:18
“Belə məşqçiyə niyə milyonlarla avro ödəyim?” - assosiasiya prezidenti de Byazi haqda

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin Polşa yığmasına rəhbərlik etmək variantı olub.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnyev Boniek istisna etməyib.

O, Millətlər Liqasında komandasının “Dördlər finalı”na vəsiqə qazana bilməməsinə baxmayaraq, hazırkı çalışdırıcı Jerzi Brjeçzekə güvənəcəklərini söyləyib. Prezident bir ara bu posta namizəd olan de Byaziyə ehtiyac duymadıqlarını da vurğulayıb: “Baş məşqçinin vəzifəsi A liqasında qalmaq idi ki, bunun da öhdəsindən gəldi. O ki qaldı əcnəbi məşqçi məsələsinə, heç bir zəmanət verməyən, futbolçuları tanımayan və dünya çempionatının seçmə mərhələsindəki ilk oyununda məğlub ola biləcək bir məşqçiyə niyə milyonlarla avro ödəyim?”.

Qeyd edək ki, Jerzi Brjeçzek 2018-ci ildən Polşa yığmasını çalışdırır.