"Bir az qeyri-müəyyən durum var" - Nikola Yurçeviç
15.11.2019 - 19:38
"Bir az qeyri-müəyyən durum var" - Nikola Yurçeviç

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Uels yığmasını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Nikola Yurçeviçin qarşılaşma öncəsi "Bakcell Arena"da mətbuat konfransı təşkil edilib.

53 yaşlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib: "5 gündür toplanışdayıq. Zədəli və başqa səbəbdən oyunu buraxacaq futbolçular var. Eddu İsrafilov, Mahit Emreli, Rüfət Dadaşov oynaya bilməyəcək. Maksim Medvedevin də durumu məlum deyil. Son matçlarda rəqiblərə müqavimət göstərmişik. Oyunların son 5 dəqiqəsində uduzmuşuq. Amma yenə də optimistik".

- Zədəlilərin yerinə yığmaya çağırılanlar onları əvəz etməyə qadirdilərmi?
- Hazırda problemli oyunçularımız mütəmadi oynayanlar idi. Onları əvəz etmək asan deyil. Amma ümid edirik ki, sabah meydana çıxacaq oyunçular onları layiqincə əvəz edəcək.

- Rəqibin güclü heyəti var və final mərhələsinə ümid edir. Sizdə qələbə qazanmaq üçün hansı stimul var?
- Məni ümidli edən son 4 oyunun analizidi. Uelslə ordakı son dəqiqələrdə bəxtimiz gətirmədi. Xorvatiyadan xal aldıq. Macarıstanla matçın sonlarını daha yaxşı keçirdik. Hakim də qolumuzu və xalımızı oğurladı. Bütün bunlar ümidli olmağa əsas verir.

- Heç vaxt start heyətini öncədən açıqlamırsınız. Səbəb nədir?
- Niyyətim hansısa sirri qorumaq deyil. Bir az qeyri-müəyyən durum var. Maksimin oynayıb-oynamayacağına son məşqdən sonra biləcəyik. Tam heyət olmasa da, 9 nəfərin adını həmişə sadalamışam.

- Cavid Hüseynovun milliyə çağırılmasının xüsusi səbəbi varmı və Slavik Alxasov niyə kənarda qalıb?
- Cavid son oyunlarda bir neçə dəqiqə çıxış edib. Onun oyunlarına baxmışam. Məşqçi üçün vəziyyət həmişə asan olmur. Bəzi futbolçular klublarında müntəzəm oynamır. Məsələn, Rəşad Eyubov klubunda son matçlarda meydana çıxmadığı üçün dəvət etmədik. Cavidin böyük təcrübəsi var. Ən azı 30 dəqiqə komandaya kömək edə bilər. Slavik bəyənirəm, xarakterli oyunçudur. Amma sol cinahda Şəhriyar, Anton və Təmkin də var. Amma onun üzünə qapıları bağlamamışıq. Gələcəkdə onu da dəvət edə bilərik.

- Klublarında oynayan əksər yerli vingerlər sol cinahda çıxış edirlər. Mahir Emrelini əvəz edəcək sağ cinah vingeri ilə bağlı planınız nədir?
- Təbii ayaq məsələsi nəzərə alınır. Amma Araz, Ağabala kimi futbolçular təkcə cinahda yox, mərkəzdə də oynaya bilirlər. Əslində cinah yarımmüdafiəçisinin sağ və ya solda oynamasını çox fərqi yoxdur. Digər tərəfdən oyunçunun təkcə hücumda nə verəcəyi önəmli deyil. Xüsusən də, güclülərə qarşı müdafiəyə də kömək etməlisən. Mahir müdafiəyə də kömək edən oyunçudur. Uelsin isə sağ cinahına xüsusi diqqət yetirməliyik. Hansısa mövqe oyunçusuna Beyllə üz-üzə qoymaq məntiqli olmaz.
           
- Yeni çağırılanlar Elvin Camalov və Vüsal İsgəndərli sabah meydanda ola bilərmi?
- Ola bilər. Hər ikisi özünü yaxşı tərəfdən göstərib, məşqdəki performanslarından da razıyam. Vüsal yaxşı sürət yığır, rəqibi çətinlikdə saxlamağı bacarır. Onlar gələcəyin futbolçularıdır.