"Bir az qorxu var" - Dario Frederiko
01.12.2019 - 17:38
"Bir az qorxu var" - Dario Frederiko

"Gözləmədiyimiz nəticə alındı. Çünki qələbə üçün mübarizə aparırdıq". 

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko deyib. 

Bakı klubunun 28 yaşlı braziliyalı yarımmüdafiəçisi Azərbaycan Premyer Liqasında XIII tur çərçivəsində "Səbail"lə oyunu şərh edib. O, matçın 0:0 hesabı ilə bitməsini ədalətli sayıb: "Pis oyun göstərmədik. Matçın sonunda qol buraxıb, məğlub da ola bilərdik. Bu səbəbdən heç-heçədən razı qalmaq olar".

Frederiko süni meydançada çıxış etməyin oyunlarına təsirindən də danışıb: "Çünki təbii örtükdə məşq edib, oynamağa öyrəşmişik. Bu səbəbdən özümdə də bir az qorxu var. Çünki son zədəmi süni meydançada almışdım".

O, "Neftçi"nin stabil oynamamasının səbəbini də açıqlayıb: "Deməzdim, nəsə çatışmayan bir şey var. Çünki hər oyuna qələbə üçün çıxırıq. Bundan öncə də böyük hesabla qalib gəlmişdik. Bu gün də 3 xal əldə etməyə köklənmişdik. Sadəcə yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Yeganə problem bu idi". 
 

0
Dario Frederiko Neftçi Səbail