"İlk hissədən ağıllı oynasaydıq, elə birinci hissədəcə matçı "öldürə" bilərdik. Amma fasilədən sonra üstünlüyü bir qədər rəqibə verdik və çox asan qol buraxdıq. Ancaq buna yaxşı reaksiya verə bildik. Bunun da nəticəsində 3 qol vuraraq, qalib gəldik".
Apasport.az saytının məlumatına görə, bunu "Sabah"ın hücumçusu Ulise Diallo deyib.
Azərbaycan Premyer Liqasının XII turunda "Səbail" üzərində 3:1 hesablı qələbə qazanan "Sabah"da matçın qəhrəmanı qısa müddətdə dubla imza atan Diallo olub. Malili forvard qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İki qolla oyunun taleyini həll etdiniz. İlk qolu məşqçiniz Ramin Quliyevlə qeyd etdiniz. Bunun xüsusi səbəbi varmı?
- O, mənə həmişə dəstək olur. Məşqlərdə formada olmayanda, həvəssiz görünəndə dəstəyini əsirgəmir. Əslində, daha çox ikinci qolu onunla qeyd etmək istəyirdim. Çünki bu, qələbə qolu idi.
- Razısınız ki, gözlənilən ümidləri hələ tam doğrulda bilmirsiniz?
- Təzə gəldiyim zaman komanda yoldaşlarımla anlaşılmazlıqlarımız olurdu. Bir-birimizi yaxşı başa düşmürdük, istədiyimiz anlaşma yox idi. Ancaq oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük. Bilirəm ki, mənə ümidlər böyükdür. İnanıram ki, yanvarda yaranacaq fasilə bizə daha çox kömək edəcək və bir-birimizi başa düşə biləcəyik. Amma əvvəlki oyunlarla müqayisədə, xüsusən də, Ekşteynlə ilə anlaşmam əladır. Top ayağımda olanda onun hara qaçacağını bilirəm.
- Bu mövsüm stabil oyun sərgiləyə bilmirsiniz. Bu, nə ilə bağlıdır?
- Futbol elə idman növüdür ki, sona qədər oynamalıyıq. Arxayınlaşmaq olmaz. Bizim bir tur qələbə qazanıb, digərində məğlub olmağımızı mən də başa düşə bilmirəm. Futbol 90 dəqiqədən də artıqdır. "Sumqayıt"la oyunu misal göstərmək olar. İlk hissədə öndə olduğumuzdan, fasilədən sonra arxayınlaşdıq. Düşündük ki, ikinci hissədə də qalib gələcəyik, amma belə olmadı. Bu gün isə "Səbail" eyni şeyi yaşadı. Onlar hesabı açandan sonra qalib gələcəklərini düşündülər. Amma biz son dəqiqələrdə matçın taleyini dəyişdik. Buna görə də, hər matça yaxşı köklənmək lazımdır.