"Yanvarın 13-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlıq prosesinə çox vaxt sərf etmək istəyirdik".
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan yığmamızın bu gün açıq məşqi olub. Məşqdən əvvəl isə da Silva brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə hazırlıq barədə məlumat verib: "İstədiyim oyunçuların hamısını toplaya bilmədim. Çünki legionerlərimiz var. Onların da çıxış etdikləri liqalarda oyunları var. Təlim-məşq toplanışı çərçivəsində iki yoxlama görüşü keçirəcəyik. İşimiz plan üzrə gedir".
- Şanslarınızı necə dəyərləndirirsiniz?
- Həmişə dediyim kimi, qrupdan çıxmaq şansımız 50 faizdir. Rəqiblərimizin səviyyəsini nəzərə alaraq, bu cür proqnoz verirəm. Eyni zamanda, rəqiblərimiz bizdən çəkinməsələr də, komandamıza hörmətlə yanaşırlar.
- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Məqsədimiz pley-off mərhələsində çıxış etmək üçün qrupda minimum ikinci yeri tutmaqdır. Təbii ki, qrupdan çıxmaq istəyirik. Ancaq hazırda yalnız Xorvatiya ilə birinci oyunu fikirləşirik.
- Futzalçıların fiziki durumu necədir?
- Hər şey normaldır. Çempionatdakı fasiləni nəzərə alaraq məşqlərə bir az tez başladıq. Hətta "Araz" yanvarın 6-dan hazırlığa başlayıb. Onların heyətində millinin 6 oyunçusu var. Bu yaxınlarda milli üzvləri Vassoura və Tiaqo zədəli idilər. Ancaq artıq bərpa olunublar, çempionatın son oyununda iştirak ediblər. Vassoura artıq bizə qoşulub, məşqlərə başlayıb. Tiaqonun da vəziyyəti yaxşıdır, sabah məşqlərə qatılacaq.
- Qrupda müvafiq olaraq, Xorvatiya, Rusiya və Slovakiya ilə qarşılaşacaqsınız. Ardıcıllıq sizi nə dərəcədə razı salır?
- Təqvimdən razıyam, bununla bağlı heç bir problemimiz yoxdur. Bilirik ki, ilk oyun çox çətin olacaq. Çünki Xorvatiya ev sahibidir. Rusiyanı da yaxından tanıyırıq. Bütün gücümüzü sərf edəcəyik ki, ilk iki matçda müsbət nəticə qazanaq.
- Yoxlama görüşündəki rəqibin gücü elit-raunda hazırlaşmaq baxımından münasibdirmi?
- Özbəkistan komandasını yaxşı rəqib hesab edirəm. Onlara qarşı oyunlarda tam heyətlə çıxış edə bilməyəcəyik. Sabah iki nəfər də gəldikdən sonra 17 oyunçumuz olacaq. Bu matçlar da yekun heyəti seçməyimizə kömək edəcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək