"Bizimlə müqayisədə “Qarabağ”a nəticə daha çox lazımdır" - "Düdelanj"ın baş məşqçisi 
11.12.2019 - 20:22
"Bizimlə müqayisədə “Qarabağ”a nəticə daha çox lazımdır" - "Düdelanj"ın baş məşqçisi 

“Qış fasiləsi ərəfəsində yaxşı nəticə qazanmaq istəyirik. Bunu bacarsaq, istirahətə yüksək əhval-ruhiyyədə yollanmaq imkanımız olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertran Krasson deyib.

48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin son turunun “Qarabağ”la sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılıb. Hər iki komanda 1/16 final şansını itirdiyindən formal xarakterli görüşdən danışan çalışdırıcı ümidli olduğunu gizlətməyib: “Təbii ki, matç hər iki komanda üçün formal xarakter daşıyır. Amma bizimlə müqayisədə “Qarabağ”a nəticə daha çox lazımdır. Bu rəqiblə ilk matçımız məlum səbəblərdən dayandırılıb, sonradan davam etmişdi. Uduzduğumuz həmin matçda səhvlər buraxıb, azlıqda qalmışdıq. Ümid edirəm ki, həmin səhvləri təkrarlamayacağıq. Məqsədimiz ilk görüşdəki uğursuz nəticəni unutdurmaq üçün əlimizdən gələni etməkdir”.

Lüksemburq çempionunun qapıçısı Conatan Juber isə uyğunlaşma probleminin olmayacağını vəd edib: “İnanmıram ki, saat fərqi və ya yol yorğunluğu oyunumuza təsirini göstərsin. Bir gün öncədən Bakıya gəlmişik. Hər hansı uyğunlaşma çətinliyi yaşamayacağıq”.