"Bu hesab məni qane edir" - Zaur Həşimov
24.11.2019 - 17:29
"Bu hesab məni qane edir" - Zaur Həşimov

"Matça yaxşı başladıq. Oyuna hazırlaşdığımız kimi də başlaya bildik".

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.

O, Azərbaycan Premyer Liqasının XII turunun “Keşlə” ilə oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Z.Həşimov 3:1 hesablı qələbəyə şərh verib: “Vurduğumuz qollardan sonra da fərqlənmək üçün imkanlarımız oldu. Bu hesab məni qane edir. Futbolçuların istəkli olmasından razı qaldım. Qələbəni də buna görə qazandıq. Mfo Kqasvane yığmadan yorğun qayıdıb. Amma belə olmasaydı da, zədədən qayıdan Xulio Sezar Rodrigez yaxşı durumda idi. Ona görə də istənilən halda, iki hücumçu ilə oynayacaqdıq”.

Z.Həşimov baş məşqçi kimi ilk qələbəsi olmasına da münasibət bildirib: “Qalib gəlmək həmişə sevindiricidir. Amma bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Futbolçular göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil”. 

Baş məşqçi qış fasiləsindəki dəyişikliklərin mümkünlüyü ilə bağlı sualı da cavablandırıb: “İndiki oyunçularla davam edəcəyik. Çalışacağıq komandanı bir az gücləndirək. İndiki heyətdən tam razıyam, onlara iradım da çox deyil. Qış fasiləsində rəhbərliklə danışacağıq. İmkan daxilində heyəti gücləndirməyə çalışacağıq. Kimisə göndərmək ehtimalı barədə fikirləşmirəm”.