“Bunlar bəhanə deyil” - Vüsal İsgəndərli
20.01.2020 - 10:23
“Bunlar bəhanə deyil” - Vüsal İsgəndərli

“Yoldaşlıq oyunu olsa belə, uduzmaq istəməzdik. Qalib gəlmək istəyirdik”. 

Bunu apasport.az saytına “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli deyib.

Paytaxt klubunun aparıcı üzvü komandasının “Zvikau” (1:3) ilə ilk yoxlama görüşü və Türkiyə hazırlığı barədə danışıb. O, Almaniya üçüncü Bundesliqasında mübarizə aparan rəqibinə uduzan “Keşlə”nin növbəti sınaq matçlarında daha yaxşı oynayacağına inam ifadə edib: “Bakıdakı hazırlıqdan bu yana ağır yükləmələrlə məşq edirdik. Məhz bundan sonra oyuna çıxmaq asan deyildi. Əlbəttə ki, bunlar bəhanə deyil. Biz də istəyərdik ki, yoldaşlıq oyunu olsa belə qalib gələk. Rəqibimizin üçüncü Bundesliqa və ya ikinci, birinci liqada oynamasının fərqi yox idi. Ağır yükləmələrdən sonra ağır oyun olacağını bilirdik. İkinci və üçüncü matçdan sonra komandanın oyununun daha da düzələcəyini bilirik. Çempionat oyunlarında nə istəyiriksə, onu yoldaşlıq görüşündə tətbiq edirik. Məqsədimiz rəqibə qalib gəlmək deyil”.

O, komandanın yeni transferləri Şoxruk Qadoyevlə Aleksander Kriştavaonun komandaya faydasının dəyəcəyini deyib: “Baş məşqçimiz onları bəyənib, yəqin yaxşı oyunçulardır. Gəldikləri gündən komandaya uyğunlaşırlar”.

Bir müddət öncə adı bir neçə yerli və xarici klublarla hallanan İsgəndərli ən azı yaya qədər komandada qalacağını söyləyib: “İnanın, təkliflərim doğurdan var idi. Sadəcə belə addım atmaq çətindir. Azərbaycan klubuna getmək rahatdır. Ən azından baş məşqçi səni bəyənir, klub özü səninlə əlaqə saxlayır, danışırsan. Xarici klublardan da təkliflərim var idi. Onlara getmək üçün menecer köməyi də lazım olur. Çünki hər şeyi mən bilmirəm, bunu onlar daha yaxşı həll edə bilirlər. Fikrim “Keşlə”yə yönəlib, məqsədimiz var, ona çataq hər şey yaxşı olar. Zaur Axundovla da söhbətimiz olmuşdu. Mənə mənfi heç nə deməmişdi. Əslində, Zaur Axundov da, Tərlan Əhmədov da mənim üçün xeyirli olanı istədi. Təklif gələndə baş məşqçimizlə danışmışdım və o da öz fikrini bildirdi. Mən də onun fikirlərinə hörmətlə yanaşdım. Ən azı yaya qədər gözləyəcəm. Avrokuboklara yollanmağımız yaxşı olardı. Millinin də oyunları var. Əslində yığmada çıxış edərək xarici ölkəyə getmək daha rahat olur. Çünki futbolçunun milliyə dəvət alıb-almamasına da baxırlar”.