“Emreli yaxşı oyunçudur, amma Avropada onun kimi futbolçu çoxdur” - Samir Musayev
03.01.2020 - 12:24
“Emreli yaxşı oyunçudur, amma Avropada onun kimi futbolçu çoxdur” - Samir Musayev

"Qarabağ"ın fasiləyə lider yollanması hər şeyi göstərir. Hələ onlar digər klublarla müqayisədə daha sıx qrafikdə oynayırdı". 

Bunu apasport.az saytına "Qarabağ"ın sabiq forvardı Samir Musayev deyib.

Ölkə çempionatının ilk yarısını lider kimi başa vuran "Qarabağ" ardıcıl yeddinci çempionluğu qazanmağa iddialıdır. Musayev ağdamlıları bu mövsümdə də hansısa klubun dayandıracağına inanmır: "2019-cu il "Qarabağ" üçün uğurlu keçdi. Həm çempionatda, həm də avrokuboklarda inamlı oynadılar. Qışdan sonra da "Qarabağ"ı kimsənin dayandırmasına inanmıram. Düzdür, futbolda hər şey mümkündür. "Qarabağ"ın fasilədən sonra əsas üstünlüyü sıx qrafikin olmamasıdır. Onlar bütün gücünü çempionata yönəldəcəklər. Məhz buna görə də "Neftçi"nin altı xallıq fərqi azatlması asan olmayacaq".

Vaxtilə "Qarabağ"ın əsas hücumçusu olmuş Musayev komandanın yay transferlərindən olan Maqaye Qeye və Asmir Beqoviç haqda da fikirlərini açıqlayıb: "Məncə, uğursuz transferlər deyildilər. "Qarabağ" sıx qrafikdə oynadığı üçün komandaya daha təcrübəli futbolçular lazım idi. Onlar da məhz buna görə buradaydı. Hansı mövqeyə futbolçu lazım olduğunu Qurban Qurbanov daha yaxşı bilir".

Adı tez-tez Avropa klubları ilə hallanan Mahir Emrelinin son dəfə "Sevilya"ya keçə biləcəyi yazılırdı. Ağdam klubunun sabiq forvardı “Qarabağ”lının Avropaya yollanmasının çətin olacağını da vurğulayıb: "Ümidvaram ki, hansısa futbolçumuz Avropaya gedəcək. Çox istəyərdim ki, həmin oyunçu məhz "Qarabağ"lı olsun. Futbolçularımızda özlərinə güvən, inam çox azdır. Çətinlikdən qorxurlar, ona görə hələ ki, bizim Avropada futbolçumuz yoxdur. Məncə, bu daha çox akademiyanın məşqçilərindən asılı olan məsələdir. Onlar futbolçuları uşaq vaxtından düzgün inkişaf etdirməlidir. Mahir Emreli yaxşı oyunçudur, amma Avropada onun kimi futbolçu çoxdur. Ona görə də onun üçün Avropaya yollanmaq çətin olacaq. Mahir vaxtında getsəydi, indi bəlkə də böyük klublarda çıxış edə bilərdi. Oradakı futbolun sürəti bizimkindən çox öndədir". 

Sonda Samir Musayev "Qarabağ"ın gənc futbolçuları Musa Qurbanlı və Total Bayramov haqda da danışıb. O, hər iki futbolçunun Avropaya yollana biləcək və orada özünü göstərəcək gücdə olduğunu bildirib: "Musa nəyinki atasından, hamıdan güclü futbolçu ola bilər. Həm Musa Qurbanlı, həm Toral Bayramov Azərbaycanın ən potensiallı futbolçularıdır. Hər ikisi nizam-intizamlı, tərbiyəli və yüksək insani keyfiyyətlərə malik futbolçulardır. Qurban Qurbanov onların nə vaxt oynatmalı olduğunu bilir. Ümidvaram ki, onlar da oynadıqları hər matçda öz sözlərini deyərlər. Hər iki futbolçunun Avropaya getməsini arzulayıram. Onlar özlərinə güvənsələr, inansalar, bunu bacaracaqlar".