“Fənərbaxça”dan 4 əcnəbiyə mesaj: Özünüzə klub tapın!
29.03.2022 - 14:44
“Fənərbaxça”dan 4 əcnəbiyə mesaj: Özünüzə klub tapın!

“Fənərbaxça” icarə əsasında başqa klublarda çıxış edən əcnəbi futbolçularını komandaya qaytarmaqda maraqlı deyil.

Apasport.az saytının “milliyet.com.tr”yə istinadən məlumatına görə, Türkiyə klubu konkret olaraq 4 oyunçusuna özünə yeni komanda tapmaq tapşırığı verib.

Bunlar Mbuana Samatta, Maurisio Lemos, Stiven Koulker və Maks Meyerdir. Gələn mövsümdən əcnəbi limiti azalacağı üçün “sarı-lacivərdlilər” adıçəkilən oyunçularla vidalaşmağın yollarını axtarır. “Antverpen” yüksək maaşı səbəbindən Samattanı saxlamaq fikrində deyil. Lemos “Beerşot”da müntəzəm çıxış etmir. Yanvarda “Midtyulland”a gedən Meyerin də orada işləri yolunda getmir. Yalnız Koulker icarə əsasında formasını geyindiyi “Qaziantep”də qala bilər.

İcarəyə verilən futbolçulardan yalnız “Hall Siti”də çıxış edən Allahyar Sayyadmaneşin gələn mövsüm “Fənərbaxça”nın heyətində yer alması gündəmdədir.