“Futbolçular klubdaxili kodeksə uyğun cəzalanacaq” – Elmar Baxşıyev
08.12.2019 - 18:03
“Futbolçular klubdaxili kodeksə uyğun cəzalanacaq” – Elmar Baxşıyev

“Bizi çətin oyun gözlədiyini bilirdik. “Sumqayıt” evdə yaxşı futbol sərgiləyir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev deyib.

39 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XIV turunun “Sumqayıt”la səfər oyunu barədə fikirlərini matçsonrası mətbuat konfransında açıqlayıb: “Rəqibin heyəti yaxşı futbolçulardan təşkil olunub. İlin son çempionat görüşü idi. Uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım. Amma qarşılaşmanın belə axarında 1 xal qazandığımıza görə komandanı təbrik edirəm”. 

E.Baxşıyev komandasına göstərilən iki qırmızı vərəqədə hakimi deyil, futbolçuları qınayıb: “Qırmızı vərəqələrə gəlincə, hakimlik heç nə yoxdur. Hər iki qırmızı vərəqə bizim futbolçuların nizam-intizamına görə oldu. Futbolçular klubdaxili kodeksə uyğun şəkildə cəzalanacaq. Anarın epizodunda baş verənləri emosiyalara bağlayıram. Özünü saxlaya bilməyib cavab qaytardı”. 

Çalışdırıcı komandanın gələcəyinə inandığını da qeyd edib: “Futbolçularımıza digər klublardan marağın olması bizi sevindirir. Çalışacağıq ki, onları komandada saxlayaq. Üzərimizə düşəni etməyə çalışırıq. Komanda olaraq gələcəyə nikbin baxırıq. İnanıram ki, bu klub yaşayacaq və daha yaxşı olacaq”.