“Futbolçularımı təbrik edirəm” - qrupda qalan yığmamızın baş məşqçisi
16.11.2019 - 21:08
“Futbolçularımı təbrik edirəm” -  qrupda qalan yığmamızın baş məşqçisi

“Qrupun favoriti, güclü Almaniya yığmasına qarşı oynadıq. İlk oyundan fərqli olaraq, uşaqlar bu dəfə tapşırığı yerinə yetirdilər”.

Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

O, AVRO-2020-nin seçmə mərhələsinin Almaniya ilə oyunu barədə fikirlərini açıqlayıb. V.Məmməd 0:2 hesabı ilə uduzan futbolçularını təbrik edib: “Almaniya kimi güclü komandaya qarşı 90 dəqiqə eyni tempdə mübarizə aparmaq çox çətindir. Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq. Məhz bu amilə görə futbolçularımı təbrik edirəm. Rəqib qapısında yaranmış epizodları dəyərləndirə bilsəydik, hesab arasındakı fərq az ola bilərdi. Bu qarşılaşma, bizim üçün böyük təcrübə oldu. Növbəti – sonuncu oyuna hazırlaşacağıq”.

Qeyd edək ki, II turun nəticələrinə əsasən Azərbaycan yığması elit-raunda çıxmaq şansını itirib.