“Əlimizdən gələni edib, bu oyundan xal götürmək istəyirdik”
Apasport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev deyib.
AVRO-2020-nin seçmə mərhələsinin IX turunun Uelslə qarşılaşmasına (0:2) kapitan kimi çıxan yarımmüdafiəçi görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Q.Qarayev öncə yığmamızın E qrupundakı son ev oyununu dəyərləndirib:
- Bu oyunda bir xal da götürmək yaxşı nəticə olardı. Matça yaxşı başlamışdıq. Sadəcə oyunun əvvəlində standart vəziyyətdə buraxdığımız qol bizi geri saldı. Xüsusi ilə birinci hissə bizim üçün daha yaxşı alındı. Hətta bir dəqiq penalti epizodumuz oldu, onu da hakim vermədi. İlk hissənin 0:2 olması bizim də motivasiyamizı aşağı saldı. İkinci yarıya 0:1 hesabı ilə başlasaydıq, daha yaxşı oyun göstərə bilərdik.
- Əvvəlki oyunlardakı keyfiyyət sanki bu dəfə yox idi...
- Düşünürəm ki, bu qarşılaşmada da yaxşı oynadıq. İlk hissədə əks-hücumlara çıxdıq, bir necə təhlükəli hücumumuz da alındı. Fasilədən sonra dediklərinizə haqq qazandırıram. Ön xətdə daha fəal ola bilmədik. İlk hissədə heç də pis deyildik.
- İlk hissədə hakim penaltini versəydi, hesab 1:2 olsaydı, oyunun taleyi sizcə necə olardı?
- Necə olacağını demək çətindir, ancaq futbolçu baxımından, motivasiya baxımından bizim üçün daha faydalı olacaqdı. Bizi daha da motivə edəcəkdi bu qol. Hesabın 2:0 olması bizi hər ötən dəqiqə geriyə salırdı.
- Razısınızmı ki, Kardiffdəki oyunda millimiz daha mübariz oyun sərgiləmişdi, nəinki burada?
- Mən xüsusilə qeyd etmək istəyirəm ki, 1:0 geri düşəndən sonra hesabı bərabərləşdirdik və bu hesabı uzun müddət qoruyub saxlaya bildik. Amma burada ardıcıl qollar buraxaraq 0:2 hesabı ilə məğlub olmağımız bütün planları pozdu. Bundan əvvəlki oyunlarda da hesab 0:1 olanda daha mübariz oyun sərgiləyirdik.
- Qeyd etdiniz ki, penaltinin verilməməsi motivasiyanızı aşağı saldı. İkinci hissədəki zəif oyunun səbəbi bu idi?
- Bəhanələr gətirmək istəmirəm. Sadəcə ikinci hissə Uels daha çox topla oynayıb bizi yordu. Bunu penalti epizodu ilə əlaqələndirmək istəmirəm. Amma 0:1 daha yaxşıdır, nəinki 0:2.
- VAR sistemi olsaydı, millimizin qrupda qazancı yenə 1 xal olardı?
- Ən azından 2 xalımız olardı.
- Son 25 illik statistika baxsaq, bu seçmə mərhələdə millimizin ən zəif çıxış etdiyi mərhələdir. Bu barədə nə deyə bilərdiniz?
- Son 25 ildə millimiz belə çətin qrupa düşməyib.
- Azərbaycan futbolunu hansı Avropa və Asiya ölkəsi ilə müqayisə edərdiniz?
- Mən həmişə İspaniya ilə müqayisə etmək istəmişəm. Amma sizi bilmirəm.
- Slovakiya ilə son oyuna çıxacaqsınız, bu oyunda qrupdakı nəticəni daha da yaxşılaşdırmaq üçün nə isə edəcəksinizmi?
- İndi futbolçular üçün daha çətin bir dönəmdir. Heç bir formal xarakteri olmayan bir oyuna çıxacağıq. Amma çalışacağıq ki, layiqli nəticə qazanaq.