“Hamı onun məşqçi olmadığını bilir” - Peresin növbəti səs yazısı
15.07.2021 - 10:11
“Hamı onun məşqçi olmadığını bilir” - Peresin növbəti səs yazısı

İspaniyanın “El Confidencial” nəşri “Real”ın prezidenti Florentino Peresin növbəti səs yazısını yayıb.

Apasport.az saytının məlumatına görə, futbol funksionerinin indi də sabiq baş məşqçi Visente Del Boske ilə bağlı düşüncələrinin yer aldığı söhbət işıqlandırılıb.

Təxminən 2007-2008-ci illərə aid olduğu səs yazısında Peres 71 yaşlı mütəxəssisi işini bilməməkdə günahlandırıb: “Nə məşq keçməyi bacarır, nə də taktikanı. Del Boske əsl axmaqdır. İş təklifi almır, çünki hamı onun məşqçi olmadığını bilir. İnanmırsınızsa, “Beşiktaş” prezidentindən və ya Rafael Benitesdən soruşa bilərsiniz. Həyatında məşq görməyib, necə hazırlıq keçəcəyini, insanları hansı istiqamətə yönləndirəcəyini bilmir. Taktikadan və fiziki hazırlıqdan başı çıxmır. Luiş Fiqo və Raul Qonzales komandanı idarə etməkdə Fernando Yerroya kömək etdilər. Yazıq Del Boske heç nə etmədi. İndi də İspaniya yığmasını çalışdıracağı deyilir. Millidə çatışmayan tək şey, onsuz da, Del Boskedir”.

Visente Del Boske 1999-cu ildə “Real”ın sükanı arxasına keçsə də, 2003-cü ildə Florentino Peres onu istefaya göndərib. Çalışdırıcı bu müddətdə “kral klubu”na 2 dəfə Çempionlar Liqasını, 2 dəfə La Liqa çempionluğunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə klublararası dünya çempionatını, 1 dəfə isə İspaniya Superkubokunu qazandırıb. O, 2004/05 mövsümündə “Beşiktaş”ı, 2008-2016-cı illərdə isə İspaniya yığmasını çalışdırıb.

Qeyd edək ki, Florentino Peresin “Real”ın digər əfsanəvi futbolçuları İker Kasilyas, Raul Qonzales, Kriştiano Ronaldo, həmçinin baş məşqçi Joze Mourinyo haqda səsləndirdiyi sərt fikirlərin də səsyazması yayılıb.
 

0