“Harada oynayacağım qarşıdakı günlərdə dəqiqləşəcək” – millinin sabiq futbolçusu
23.12.2019 - 11:45
“Harada oynayacağım qarşıdakı günlərdə dəqiqləşəcək” – millinin sabiq futbolçusu

"Albaniyadan bir həftə olar qayıtmışam. Orada olduğum müddətdə zədə almışdım. Son oyunlarda şans qazana bilmədim. Hazırda da müalicə ilə məşğulam". 

Bunu apasport.az saytına açıqlamasında Albaniyanın "Biliş" klubunda oynayan Eltun Turabov deyib. 

Müqavilə ilə "Sabah"a məxsus olan və “Biliş”də icarə əsasında çıxış edən 22 yaşlı yarımmüdafiəçi ölkədən kənardakı çıxışından danışıb: “Kluba dönəcəyim vaxt hələ dəqiq deyil. "Biliş"dəki oyunum barədə danışmağım düzgün olmazdı. Sadəcə onu deyim ki, zədə alana kimi əsas heyət üzvü idim. Albaniyaya getdiyimə görə peşman deyiləm. Albaniyada gənc futbolçular çoxdur. Hər oyun gərgin mübarizə şəraitində keçir. "Biliş"dəki çıxışım mənim üçün yaxşı təcrübə oldu. Hazırda müalicə ilə məşğulam. Qışdan sonra harada oynayacağım qarşıdakı günlərdə dəqiqləşəcək”. 

O bildirib ki, Albaniyada Azərbaycan futbolu haqda məlumatlıdırlar və “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində oynamasından xəbərdardılar.

Aşağı yaş qrupları üzrə milli komandaların sabiq futbolçusu Albaniyada "Sabah"ı da diqqətdə saxladığını deyib: "Tək "Sabah"ı deyil, vaxt tapdıqca çempionatımızın digər oyunlarına da baxırdım. Komandamıza yeni baş məşqçi gəlib. Çempionatın hələ ki, yarısı geridə qalıb. Premyer Liqada mübarizə aparan klublar arasında ciddi fərq yoxdur. O ki qaldı, Albaniyadan çempionatımızın necə görünməsinə, deməzdim ki, kənardan zəif görünür. Əksinə, daha yüksək səviyyədə görünür".

Turabov Azərbaycan yığması haqda fikirlərini də açıqlayıb. Onun sözlərinə görə, əsas komandadan hər zaman dəvət gözləyir: "İşim meydanda əlimdən gələni etmək, şərəfini qoruduğum komandanın uğur qazanmasında pay sahibi olmaqdır. Millidən dəvəti hər zaman gözləyirəm. Yığmada oynamaq hər futbolçu üçün fəxrdir. Nə vaxtsa bu komandaya dəvət alsam, yalnız fəxr edə bilərəm".