“Heç bir bəhanə uydurmalı deyilik” – Mahir Emreli
16.12.2019 - 23:03
“Heç bir bəhanə uydurmalı deyilik” – Mahir Emreli

“Bərabər səviyyəli ikitərəfli oyun getdi. Sadəcə ikinci hissədə topa daha çox nəzarət etməyə başladıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Mahir Emerli deyib. 

22 yaşlı hücumçu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə ilk oyununu şərh edib. O, evdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirdiyi brifinqdə cavab qarşılaşmasına daha yaxşı əhval-ruhiyyədə hazırlaşacaqlarını bildirib: “Bu nəticə hələ heç nə demək deyil. 1:0 hesabı elə də böyük fərq sayılmır.  Üç gün vaxtımız var və düşünərəm ki, ikinci oyuna yaxşı hazırlaşacağıq”.

Emreli “Keşlə” ilə bir həftədə həm çempionatda, həm də kubokda üz-üzə gəlmələrinə də münasibət bildirib: “Bu cür oyunlara kökləmək asan olmur. Amma düşünmək lazımdır ki, əlimizdə olan budur və bu bizim işimizdir. Heç bir bəhanə uydurmalı deyilik. İstər rəqib eyni olsun, istər də son oyunumuz olsun. Meydana çıxıb matçımızı oynamalıyıq. İlk qarşılaşmada qələbə qazanmağımıza baxmayaraq, şanslar hələ bərabərdir”.  

Hücumçu 2019-cu ilin ən yaxşı futbolçusunun adını açıqlamaqdan yayınıb. O bildirib ki, bu ada kim layiq görülərsə, ona da qismət olsun. 

Ötən mövsüm Premyer Liqanın bombardiri olan Emreli bu mövsüm stabil oynaya bilməməsi haqda da danışıb: “Üç dəfə ardıcıl zədə aldım. Bu isə məni geri saldı. Çalışacağam ki, növbəti ildə daha yaxşı formada olum. Təlim-məşq toplantısında daha yaxşı hazırlaşıb, fasilədən sonra lazımı forma yığacağıma inanıram”.

Azərbaycan millisinin əsas futbolçularından sayılan “Qarabağ”ın üzvü yığmada məşqçi məsələsindən də söz açıb. O, vaxtı ilə rəhbərliyi altında oynadığı Robert Prosineçkinin yenidən namizədliyini belə dəyərləndirib: “Onun dönəmində komanda yaxşı oyun göstərirdi. Ən azından rəqiblərlə başabaş mübarizə aparırdıq. Mənim üçün milliyə kimin gəlməsinin fərqi yoxdur. Hər bir futbolçu milli üçün canını qoymalıdır. Bu məsələ barədə qərarı rəhbərlik verəcək. Mənə nəsə demək düz gəlməz. İstəyərəm ki, Prosineçki qayıtsın”.