“Görünürdü ki, ağır oynadıq. Nədənsə komandada oyun alınmırdı. Bu gün bizim üçün pis qarşılaşma oldu, uduzduq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev deyib.
Rusiya “Dinamo”sunda çıxış edən hücumçu AVRO-2020-nin seçmə mərhələsinin IX turunun Uelslə oyunu barədə fikirlərini açıqlayıb. R.Şeydayev yığmanın 0:2 hesabı ilə uduzduğu qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komandada nə çatmırdı?
- Bəzi epizodlarda qol vurmaq. Hücumda çatışmazlıq var idi. Oyun alınmırdı.
- Tsikldə cəmi 1 xalın qazanılması son 25 ildə ən zəif nəticədir. Sizcə, Slovakiya ilə son qarşılaşmada heç olmasa heç-heçə etmək mümkündürmü?
- Slovakiya ilə səfər matçında qələbə qazanmağa çalışacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Qalib gəlmək üçün oynayacağıq. Oyunu analiz edəcəyik. Düşünürəm ki, rəqiblə yaxşı “vuruşub” qalib gələ bilərik.
- Sizə elə gəlmir ki, bəzi oyunçular potensialından aşağı çıxış etdi?
- Belə bir təəssürat yaranmadı. Bu gün hamı mübarizə apardı. Bəzi oyunçuların, məsələn mənim səhvlərim çox oldu. Çox xəta etdim. Amma hamı “döyüşürdü”.
- Kardiffdə bugünkündən daha yaxşı oynadığınızı demək olar?
- Ola bilər. Amma bunun üçün oyuna baxmaq lazımdır. Matçdan dərhal sonra nə isə deyə bilmərəm.
- Oyunun sonluğunda bir az axsayırdız. İndi durumunuz necədir?
- Özümü yaxşı hiss edirəm.