"Komandada sabitlik çatmır" - Elmar Baxşiyev
30.11.2019 - 17:51
"Komandada sabitlik çatmır" - Elmar Baxşiyev

"Bizi çətin oyun gözlədiyini bilirdik. Komandanı da belə qarşılaşmaya hazırlamışdıq". 

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev deyib. 

39 yaşlı mütəxəssis Premyer Liqanın XIII turunda "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra bildirib ki, komandasından razı qalıb: “Zirə” yaxşı futbolçulardan təşkil olunan komandadır. Rəqibin heyətində güclü ifaçılar var. Ona görə ilk dəqiqədən məzmunlu komanda oyunu nümayiş etdirməyə, sonadək konsentrasiyanı qorumağa çalışdıq. Ümumilikdə futbolçuların oyunundan razı qaldım. Amma çatışmazlıqlar var və biz onları görürük. Çalışırıq ki, hər məşqdə bunun üzərində işləyib aradan qaldıraq. Komandada sabitlik çatmır. Bu da onunla bağlıdır ki, heyət gəncdir, akademiyanın yetirmələrindən qurulub. Amma vaxt keçdikcə bu da aradan qalxacaq. Zamana ehtiyacımız var. Turlar keçdikcə komanda daha məzmunlu oynayır. İbrahima Niasse yeni gəlsə də, o, öz evinə qayıdıb. Burada yaxşı dönəmini keçirib. Onun bizə qoşulmasını mən rəhbərlikdən xahiş elədim. Bu gün yaxşı oynadı. Amma o daha çox kömək edə biləcək futbolçudur. İnanırıq ki, Niasse daha faydalı olacaq”