"Komandamızda yorğunluq var" - Dani Kintana 
06.12.2019 - 22:19
"Komandamızda yorğunluq var" - Dani Kintana 

“Çətin matç oldu. Rəqib yaxşı oyun nümayiş etdirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Dani Kintana deyib

İspaniyalı legioner Azərbaycan Premyer Liqasının XIV turunun “Keşlə” ilə ev oyununda sonra jurnalistlərin suallarını cavablandırıb. D.Kintana öncə 2:2 hesablı heç-heçə ilə nəticələnən qarşılaşma barədə fikirlərini açıqlayıb: “Əgər bu komanda ikinci pillədədirsə, bu, səbəbsiz deyil. Onlar öz oyunları ilə buna layiqdirlər. Ötən turdakı görüşümüz bazar ertəsi olmuşdu. Ona görə bir az yorğunluq var idi. Düzdür, rəqib də bir neçə gün əvvəl kubok matçı keçirib. Lakin həmin qarşılaşmada bir az fərqli heyət olub. Xal itirməyimizə baxmayaraq, pozitiv düşünmək, irəli baxmaq lazımdır”.

Premyer Liqada mövsümün ilk yarısının son turunda üz-üzə gələn rəqiblər Azərbaycan kubokunun bu ay keçiriləcək 1/4 finalında da iki dəfə görüşəcək. D.Kintana belə haldan məmnun olmadığını bildirib: “Eyni komanda ilə qısa müddətdə oynamaqdan xoşum gəlmir. Hər iki tərəfin üzvləri bir-birini daha yaxşı tanımağa şərait yaradır. Həddən artıq çox oyun keçirmişik. Komandamızda yorğunluq var. Amma psixoloji cəhətdən problem görmürəm. Həm də fərqli yarışlarda oynayırıq, birindən sonra digərinə köklənməliyik. Azərbaycanın yeganə komandasıyıq ki, yarım ildə digərlərinin mövsüm ərzində oynadığından daha çox matç keçirmişik. İyulun əvvəlindən 28 oyuna çıxmışıq. Ötən il bu vaxt liderdən 3 xal geridə idiksə, indi təxminən 6 xal öndəyik. Belə müsbət məqamları düşünməliyik”.

İspan futbolçu Avropa Liqasının qrup mərhələsinin son turunun “Düdelanj”la dekabrın 12-dəki görüşü barədə də danışıb: “Təbii ki, qalib gələ bilərik. Öz meydanımızda oynayacağıq. Azarkeşlər buna layiqdir. Hər matçda bizi dəstəkləyirlər. Bir ev görüşündə onları qələbə ilə sevindirməliyik”.

D.Kintana böyük fərqlə arxada qoyduqları rəqiblərlə çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb: “Bugünkü xal fərqini mövsümə uğurlu başlamaqla izah edərdim. İlk 7 qarşılaşmada qalib gəldik. “Neftçi” mövsümün sonunadək bizimlə mübarizə aparacaq. “Keşlə” də təəccübləndirə biləcək komandadır. Bugünkü matçın ilk yarısında mənə qarşı qayda pozuntusunun təkrarına baxmamışam. Mənə elə gəlir ki, penalti var idi”.

0
Dani Kintana Qarabağ Keşlə