"Kuboku qazanmağımız mümkündür" - Riçard Qadze 
15.12.2019 - 20:06
"Kuboku qazanmağımız mümkündür" - Riçard Qadze 

“Çətin oyun keçdi. İlk qarşılaşmada qol buraxmamağımız yaxşı oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin futbolçusu Riçard Qadze deyib.

Qanalı legioner Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk qarşılaşması (0:0) barədə fikirlərini açıqlayıb: “Kubok matçı çempionatdakı görüşümüzdən fərqləndi. Görüş bizim üçün daha çətin keçdi. Çünki “Səbail” fərqli oyun nümayiş etdirdi. Cavab matçını Zirədə keçirəcəyik. Həmin qarşılaşmada da qol buraxmayacağıq. Səfərdəki qolsuz heç-heçə bizim üçün yaxşı nəticədir. Qol buraxmadıq. Evdə rəqib qapısına yol taparaq qələbə ilə yarımfinala yüksələrik”.

R.Qadze 4 gündən sonra keçiriləcək cavab matçı ərəfəsində nikbinliyini özünəinamla izah edib: “Səbail” çox yaxşı komandadır. Çempionatda bu rəqibi 4:1 hesabı ilə məğlub etdik. Lakin onlar da Zirəyə qələbə qazanmağa gələcəklər. Biz də özümüzə inanırıq. Əminəm ki, taktikaya uyğun düzgün oynayıb yarımfinala yüksələcəyik. Bu mövsüm kuboku qazanmağımız mümkündür. Hər şey ola bilər. Lakin biz hələlik yalnız qarşıdakı matçı düşünürük”.

Hücumçu son matçlarda nisbətən kölgədə qalması və digər forvard Xulio Sezar Rodrigezlə birgə çıxışı barədə fikirlərini də bildirib: “İlin sonunda bütün futbolçular fiziki cəhətdən adətən bir az ağırlaşır. Üstəlik, bura gəlməzdən öncə təxminən iki ay da futbolsuz qalmışdım. Ola bilər ona görə tam formada deyiləm. Ümid edirəm ki, gələn il tam hazır olacağam. Hücum xəttində tək, ya da Xulio ilə birlikdə oynamağımın mənim üçün fərqi yoxdur. Baş məşqçi necə məsləhət görürsə ona uyğun oynayırıq”.