Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”su ilə müqavilə imzalamasına sabiq komandası “Legiya” azarkeşləri biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, polşalı fanatlar Xorvatiya klubunun sosial şəbəkədəki paylaşımına “hücum çəkib”, həmyerlimizlə bağlı bir çox rəylər yazıblar.
Əksəriyyət 25 yaşlı forvardın bacarıqlı oyunçu olduğunu etiraf etsə də, onu qeyri-peşəkarlıqda qınayıb. Həmin rəylərin bəzilərini təqdim edirik: “Mahir yaxşı oynamağı bacarır. Amma vaxtını diskoteka və barlarda keçirməyə üstünlük verir. Səhər məşqlərini qaçırır. Sadəcə, “Legiya”dan ayrılmaq üçün fürsət axtarırdı. Biz turnir cədvəlində aşağı sıralara düşdükdən sonra qol vurmağı dayandırdı, başqa klub axtardı. Emreli bizi irqçilikdə ittiham etdi, ardından meneceri onunla yollarını ayırdı. Qışa hazırlıq zamanı meydana çıxmadı. Peşəkar düşüncə zəif olsa da, bacarıqlı futbolçudur”.
Qeyd edək ki, “Legiya”dan azarkeş hücumuna məruz qaldığı üçün ayrılan Mahir Emreli “Dinamo” ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.