Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, ilk oyunda “Mançester Siti” “Real”ı qəbul edəcək.
Avropa nəhənglərinin dueli öncəsi hər iki komandanın baş məşqçisi və futbolçusu fikirlərini bölüşüb.
Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi): “Finala çıxmaq və qalib gəlmək istəyirik. Eyni zamanda finala gedən yolda etdiklərimizi heç vaxt qiymətləndirməyəcəm. Avropanın ən yaxşı komandaları ilə eyni sırada olduğumuzu bilmək xoşdur. Finala yüksəlmək üçün özünüz olmaq, iki müstəsna matç keçirmək lazımdır. Bunu edə bilərik. Çox yaxşı komandalar yarışdan kənarda qalıb. Nə vaxtsa biz də bu mərhələyə çatmayacağıq. Oyunçulara dedim ki, bu andan həzz alın, çünki bu şərəfdir. Futbolu futbolçular oynayır, mən bu oyunda qalib gələ bilmərəm”.
Rahim Sterlinq (“Mançester Siti”nin hücumçusu): “Əvvəlki mövsümlərdən də “Real”ın bu turnirdə nə qədər böyük klub olduğunu bilirik. Bu imtahana zehni olaraq düzgün hazırlaşmalıyıq. Çempionlar Liqası xüsusi turnirdir. Bütün gənc futbolçular mübarizəyə can atırlar. Mən də hər dəfə meydançaya çıxanda ən yaxşı olmağa çalışıram. Bu turnirdə himn və ab-hava hər zaman xüsusidir”.
Karlo Ançelotti (“Real”ın baş məşqçisi): “Hər iki komanda üçün təzyiq təxminən eynidir. Yarımfinala yüksəlməyi uğur adlandıra bilmərik. Finala çıxmaq uğurlu olacaq. Amma bunun üçün “Mançester Siti”ni keçmək lazımdır. Müdafiədə kompakt oynamalıyıq. Müdafiə xətti çox vacib olacaq. Rəqib topa sahib olanda müdafiə olunmalı və təkcə topa baxmamalıyıq. Topa yiyələndikdən sonra hücum gücümüzdən istifadə etməliyik. Çətinliklərə öyrəşmişik. Necə oynayacağımız sirr deyil”.
Federiko Valverde (“Real”ın yarımmüdafiəçisi): “Belə oyunlarda başınız və əsəbləriniz mühüm rol oynayır. Əgər biz “Real”ıqsa, hər vəziyyətə hazırıq. Bizim xarakterimiz var, gənclər komandaya çox şey gətirir. “Real” forması geyinəndə hər şeyi qazanmalısan. Amma onu da qeyd etmək lazımdır ki, “Mançester Siti” əla klubdur”.
Qeyd edək ki, İngiltərədə keçiriləcək “Mançester Siti” – “Real” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.