“Bu gün şəhərimizdə bayram idi. Komanda kimi 70 illik yubileyə hədiyyə etmək istəyirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ”la ev oyunu (2:1) barədə fikirlərini matçsonrası mətbuat konfransında açıqlayıb: “Qarabağ” kimi çətin rəqiblə oynasaq da, komandamız bu vəzifənin öhdəsindən gəldi. Liderə qarşı oynayırdıq. Amma oyuna hazırlaşarkən də futbolçularda istək, inam görürdük. Matçın fasiləsində onlara dedim ki, bu inamı, istəyi meydanda göstərin. Futbolçuların inkişafı üçün belə oyunlar vacibdir. Fasilədən sonra oyun planında artırdıq və layiqli qələbə qazandıq. Bundan sonra daha çətin olacağını bilirik. Çünki qarşıda sıx qrafiklə oynamalıyıq”.
Son turlarda geridönüş etməyi bacaran “Sumqayıt”ın çalışdırıcısı bunun səbəbini fiziki hazırlıqda görmədiyini bildirib: “Əsas psixoloji hazırlıqdır. Ötən mövsümdə hesabda irəli olur, ancaq sonda uduzurduq. Amma indi əzmkar qələbə qazanırıq. Bu da bizi sevindirir. Bugünkü oyunun ilk yarısında mərkəzdə aqressivlik çatışmırdı. Fasilədə sistemimizi də dəyişdik və Əmir Ağayevi gizli hücumçu oldu. Rəqib topa nəzarət etməyi xoşlayan komandadır. Onların top itkilərindən sonra boşluqlar yaranır. Peyman Babayi gəldiyi vaxtla müqayisədə çox dəyişib. Ondakı perspektivi görüb dəvət etmişdik. Artıq taktiki baxımdan düz oynayır. 5 qolla bombardirlər siyahıdına da düşüb. Peyman artıq adaptasiya dövrünü arxada qoyub və komandamıza xeyir verir”.