"Məğlubiyyət bizə böyük dərs oldu" - Tərlan Əhmədov
24.11.2019 - 17:14
"Məğlubiyyət bizə böyük dərs oldu" - Tərlan Əhmədov

“Zirə” layiqli qələbə qazandı. İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XII turunda “Zirə” ilə oyundan (1:3) sonra keçirilən mətbuat konfransında məğlubiyyətin komandası üçün dərs olduğunu bildirib: “Bu, baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Məğlubiyyət bizə böyük dərs oldu”.

O, penalti epizodu ilə bağlı sualı cavablandırarkən bildirib ki, hakimliklə bağlı danışmayacaq: "Əgər uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə, bu barədə nəsə deməyəcəm. Futbolçularımız hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Uduzmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdır. Bəli, Kamara çox zəif çıxış etdi. Milliyə gedən futbolçularımız da zəif təsir bağışladı. Kamara ilə yanaşı, Vüsal və Tural da zəif oynadı. Bəlkə də, yorğunluq var idi. Turalın problemi məni çox narahat edir. Hər dəfə milliyə gedib-gələndə bu problemi yaşayırıq".

Əhmədov adının Azərbaycan yığması ilə hallanmasına da münasibət bildirib: "Bu, xoşdur. Amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdır. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim".

O, qış fasiləsinədək “Sumqayıt” və “Qarabağ”la oyunlarda diqqətli olmalarının vacibliyindən də danışıb. Baş məşqçi bildirib ki, bu məğlubiyyətdən düzgün nəticə çıxarmalıdırlar.