"Oyuna yaxşı başladıq, qollar vurduq. Amma 3:0-dan sonra arxayınlaşdıq, "Qəbələ" bizdən daha yaxşı oynamağa başladı, qapımız qarşısında qol epizodları yaratdılar".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” (4:1) ilə ev oyunundan sonra jurnalistlərin suallarını cavablandıran təcrübəli yarımmüdafiəçi qələbəni şərh edib. O bildirib ki, ikinci hissəyə də fəal başlayıblar, lakin sonra təşəbbüsü rəqibə veriblər.
- Əsas rəqibləriniz olan "Qarabağ" və "Keşlə"nin uduzması sizə əlavə motivasiya verirdimi?
- Bizim əsas rəqibimiz özümüzük. Öz oyunlarımızı fikirləşməliyik. O biri oyunları fikirləşməyə başlasaq, davamlı qələbə qazanmasaq, bizə çətin olacaq. Deməzdim ki, "Qarabağ"ın uduzması bizə əlavə stimul vermişdi. Bizə hər oyunda qalib gəlmək lazımdır. İndiyə qədər çox xal itirmişik. Onları qələbələrlə sığortalaya bilərik.
- Dario Federikonun davranışına da reaksiyanızı bildirərdiz. O, əvəzlənməsinə etiraz edərək birbaşa paltardəyişmə otağına yollandı.
- Futbol emosiya oyunudur. Emosiyasız futbolun marağı olmaz. Bəzən belə hallar baş verir. Bəli, o meydanı narazı tərk etdi, ancaq baş məşqçiyə yox, futbolçulara hirslənmişdi. Futbolçular ona nəsə demişdi. Adi şeydir, "razdevalka"da hamımız sevinirdik.
- Qarşıdan kubok oyunları gəlir. "Neftçi" hər iki "cəbhə"də mübarizə aparmağa hazırdır?
- Kubokla çempionat arasında fərq qoymamalıyıq. Bizə ölkə kubokunu da qazanmaq lazımdır. Bugünkü oyunun ilk 25 dəqiqəsində sərgilədiyimiz futbolla maksimum nəticə qazana bilərik.
- Milli komandanın seçmə mərhələni 1 xalla başa vurmasını necə dəyərləndirirsiniz?
- Əlbəttə, 1 xal yaxşı nəticə deyil, azdır. Amma qrupumuz çətin idi. Uşaqların haqqına girmək istəmirəm, çalışırdılar. Əvvəlki illərdə belə olmurdu. Ən azı bir zəif komanda olurdu, 3-6 xal qazanırdıq.
- Bəs son oyunlarda oynamamağınızı nə ilə izah edərdiniz?
- Bu, baş məşqçinin qərarıdır. Mənə də çətin olur. Milliyə gedib qayıtdıqdan sonra ritmdən düşürəm. Bu gün də son 20 dəqiqədə çatdırmırdım. Millinin oyunları başa çatdı və bütün diqqətimi klubuma, öz oyunuma yönəldəcəyəm. Belədə yaxşı forma yığacağam.
- Emin Mahmudov daim ehtiyatda oturmalı futbolçudur? Baş məşqçidən soruşmadın ki, niyə məni oynatmırsan?
- Mənim vəzifəm milliyə gəlmək və şans verildiyi halda bütün gücümü səfərbər etməkdir. Açığı, bir dəfə baş məşqçi Yurçeviçə yaxınlaşmışdım. Belə başa düşdüm ki, onun fəlsəfəsinə uyğun gəlmirəm. Nə edə bilərəm?
- AFFA-nın baş katibi Elxan Məmmədov siqnal verib ki, Yurçeviç istefaya göndərilə bilər. Belədə sənin də yolun açıla bilər.
- Bu barədə nəsə deyə bilmərəm. Mən o işə qarışa bilmərəm. Həm də indi nəsə desəm, bu arxasınca danışmaq hesab olunacaq. Çünki indiyə qədər heç nə deməmişəm.