“Millətlər Liqasında alınmadısa, dünya çempionatında yüzqat çətin olacaq” – Əfran İsmayılov
10.02.2021 - 14:52
“Millətlər Liqasında alınmadısa, dünya çempionatında yüzqat çətin olacaq” – Əfran İsmayılov

“Millinin qapıları hamının üzünə açıqdır. Bütün futbolçular kimi, mən də təklif gözləyirəm”.

Bunu apasport.az saytına açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Yenidən Azərbaycan millisinin formasını geyinmək arzusunda olan 33 yaşlı hücumameyilli oyunçu dəvət gəlməsə belə, həvəsdən düşməyəcəyini söyləyib: “İlk növbədə klubuma xeyir vermək, yaxşı çıxışla uğurlu nəticələrdə pay sahibi olmaq istəyirəm. Ondan sonra millidən təklif gələrsə, yenidən o formanı fəxrlə geyinərəm. Çağırılmasam belə, məşqlərimi edib, klubumun oyunlarına hazırlaşacağam”.

İsmayılov yığmamızın baş məşqçi Canni de Byazinin rəhbərliyi altında Millətlər Liqasında uğursuz çıxışdan sonra DÇ-2022-nin seçmə mərhələsində işinin daha çətin olacağını düşünür: “İstənilən klubda və millidə əsas göstərilən nəticəyə baxılır. Gəncləşdirmə siyasəti aparıb-aparmamaq baş məşqçinin səlahiyyətindədir. Ondan tələb olunan yeganə iş uğurdur. Bu, təbii ki, Canni de Byaziyə də aiddir. Açığı, yığmamızdan uğurlu nəticəni Millətlər Liqasında gözləyirdim. Orada alınmadısa, dünya çempionatının seçmə mərhələsində onqat, yüzqat çətin olacaq. Millətlər Liqasındakı rəqiblər gücümüzə görə idi. Ancaq yığma olaraq öz oyunumuzdan çox aşağı səviyyədə çıxış etdik, çox pis nəticələr göstərdik”.

Cinah oyunçusu millimizin martda start götürəcək DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını da dəyərləndirib. O, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupda qərarlaşan komandamızdan sensasiya gözləmir: “Budəfəki qrup daha çətindir. Əlbəttə ki, Millətlər Liqası ilə müqayisədə daha ağır oyunlar olacaq. Hesab edirəm ki, qrupda 4-cü yeri tutsaq, yaxşı nəticə sayıla bilər”.

Qeyd edək ki, Əfran İsmayılov Azərbaycan millisinin heyətində 40 oyun keçirib, 5 qola imza atıb.