“Dünəndən məşqlərə başlamışıq. Ötən mövsümdəki heyətin 90 faizi komandadan ayrılıb. Onların əvəzinə akademiyanın gənclərini komandaya cəlb etmişik”.
Bunu apasport.az saytına “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Yay fasiləsində 13 futbolçu ilə yollarını ayıran “qırmızı-qaralar”da müqavilə müddəti başa çatan Yurgen Qoxa, Stefan Vukçeviç və Rafael Utriq kimi əcnəbilərin durumu qeyri-müəyyəndir. Baxşıyev bildirib ki, büdcə bəlli olduqdan sonra onlarla danışıb-danışmayacaqlarına qərar verəcəklər: “Onlar hazırda bizimlə birlikdə deyillər. Tam ayrıldıqlarını da deyə bilmərəm. Çünki büdcə müəyyənləşəndən sonra bu barədə nəsə fikir yürütmək olar”.
Çalışdırıcı taleyi sual altında olan yerli oyunçuların son durumuna da aydınlıq gətirib: “Murad Musayev və Kamal Mirzəyev dünənki məşqdə iştirak edirdilər. Rövlan Muradovun durumu fərqlidir. Klub onunla müqavilənin şərtlərini müzakirə edir. Rüfət Əhmədov isə dünənki məşqə qatılmışdı, bu gün də bizimlə birlikdə olacaq. Amma gələcəkdə necə olacaq, bunu heç kim deyə bilməz”.
Baş məşqçi bir neçə əcnəbi futbolçu gətirəcəklərini də söyləyib: “Əlbəttə ki, hər mövqenin gücləndirilməsinə ehtiyac var. Bu yöndə axtarışlarımız davam edir. Mütləq yeni oyunçular olacaq. Amma büdcəni dəqiq bildikdən sonra daha rahat hərəkət edəcəyik. Büdcə imkan versə, təxminən 4-5 əcnəbi futbolçu gətirməyi planlaşdırırıq”.