“Neftçi” daha 4 futbolçu ilə anlaşdı – qaldı Dabo
02.06.2020 - 12:57
“Neftçi” daha 4 futbolçu ilə anlaşdı – qaldı Dabo

“Neftçi” müqavilə müddəti başa çatan futbolçularla danışıqları yekunlaşdırmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, son günlərin ən fəal komandası olan Bakı klubu oyunçuların əksəriyyəti ilə razılıq əldə edib.

Vild-Donald Gerye ilə yollarını ayıran, həmçinin sözləşməsi bitən Emin Mahmudovla yeni 3 illik müqavilə bağlayan “ağ-qaralar” daha 4 nəfərlə anlaşıb. Qapıçı Aqil Məmmədov, müdafiəçi Tural Axundov, yarımmüdafiəçilər Soni Mustivar və Vangelis Platellas koronavirus pandemiyası səbəbindən avqusta qədər uzanan mövsümün sonuna qədər “Neftçi”nin şərəfini qorumağa razılıq veriblər.

Hələlik yalnız hücumçu Baqali Dabonun durumu qeyri-müəyyəndir. Kipr təmsilçisi “Apollon”la anlaşan fransalı forvardın “flaqman”la müqavilə müddəti iyunun sonuna qədərdir. Klub rəhbərliyi onun heç olmasa mövsümün sonuna qədər komandaya kömək etməsini istəyir. Hazırda Dabo ilə danışıqlar davam edir.

Qeyd edək ki, “Neftçi” yerli müdafiəçiləri Anton Krivotsyuk və Ömər Buludovun da sözləşmə müddətini 2022-ci ilin yayına qədər uzadıb.
 

0