“Neftçi” önünə itkilərlə çıxacaq – “Olimpiakos”
16.07.2021 - 12:11
“Neftçi” önünə itkilərlə çıxacaq – “Olimpiakos”

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Olimpiakos” Azərbaycan çempionu önünə ciddi itkilərlə çıxacaq.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Yunanıstan klubunun heyətində zədəli və cəzalı futbolçular var.

Braziliyalı hücumçu Tikinyo zədədən əziyyət çəkir. Forvard eyni zamanda cəzalı olsa da, cəzasının bir qismini “silməsi” üçün iştirak ərizəsinə salınıb. Seneqallı müdafiəçi Usseynu Banın isə bir oyunluq cəzasını çəkməlidir. Bu üzdən o, “Neftçi” ilə ilk matçı buraxacaq və yalnız Bakıdakı qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.

Bundan başqa, baş məşqçi Pedro Martins 7 nəfəri də “24-lüy”ə salmayıb. Tunisli müdafiəçi Məhəmməd Drager, seneqallı arxa xətt oyunçusu Pape Abu Sisse, həmçinin yerli Apostolos Apostolopulos, Aleksios Kalogeropulos, eyni zamanda portuqaliyalı yarımmüdafiəçilər Tyaqo Silva, Pepe və qvineyalı hücumçu Alqassim Bah baş məşqçinin qərarı ilə “Neftçi” ilə oyunları buraxmalı olacaq.

Qeyd edək ki, “Olimpiakos”la “Neftçi” arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək.
 

0