Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Azərbaycan klubları Antalya toplanışını başa vurublar.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın 6 klubu mövsümün ikinci yarısına Türkiyədə hazırlaşıb.
Komandalarımız qardaş ölkədəki hazırlıq dövründə yoxlama oyunlarında da qüvvəsini sınayıb. Belə görüşlərin nəticələri heç vaxt həlledici sayılmasa da, futbolçuların psixoloji durumu və hazırlıq baxımından maraq doğurur. Təmsilçilərimiz də bu matçları fərqli keçiriblər.

Çempion hamıdan öndə
Premyer Liqanın son çempionu “Neftçi” Antalyada ən yaxşı çıxış edən təmsilçimiz olub. Samir Abasovun yetirmələri Türkiyəni məğlubiyyətsiz tərk edib. Üstəlik komandanın aktivində bir qələbə də var. İki heç-heçə ilə başladığı toplanışı qələbə ilə başa vuran “ağ-qaralar” yoxlama oyunlarında topların müsbət balansına nail olan yeganə komandadır. “Neftçi” həm də “Sabah”la birlikdə ən az qol buraxan təmsilçimiz olub. Hər iki klub 3 top buraxıb.

Musayevin “bir”ləri
Premyer Liqada peyda olduğu gündən özünü iddialı göstərməyə çalışan, lakin hələ də ümidləri doğrulda bilməyən “Sabah”ın Antalyadakı nəticələri maraqlı alınıb. Murad Musayevin yetirmələri bütün görüşlərdə eyni nəticəyə imza atıb. Hər üç qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hər matçda 1 qol vuran və 1 top buraxan bakılılar vətənə qələbəsiz, eyni zamanda məğlubiyyətsiz qayıdıb.

İlkin müəllifi
Azərbaycan komandaları üçün 2022-ci il yaxşı başlamayıb. Nəinki Antalyadakı klublar, heç futzal millisi də uzun müddət qələbə qazana bilməyib. Bu uğursuz seriyanı “Qəbələ” qırıb. Elmar Baxşıyevin yetirmələri “Zaqlembe”ni udaraq Azərbaycan komandalarının 2022-ci ildəki beynəlxalq səviyyəli ilk qələbəsinin müəllifi olub. Digər iki görüşdə uduzan “qırmızı-qaralar” digər klublardan fərqlənməyi bacarıb. “Qəbələ” Antalyada heç-heçə etməyən yeganə komandamızdır.

“Qarabağ”ın adəti
Çempionatın lideri “Qarabağ” Antalyada 3 deyil, 4 matç keçirən yeganə Azərbaycan klubudur. Qurban Qurbanovun planlarında 5 oyun olsa da, “Bohemians”la qarşılaşma meydanın qar altında qalması səbəbindən ləğv edilib. Ağdamlılar əvvəlki toplanışlarda olduğu kimi bəzi fərqli adətlərinə sadiq qalıblar. Eyni gündə iki matç keçirmək ənənəsi bir dəfə alınsa da, ikinci belə cüt oyunlara qar mane olub. Üstəlik, “Qarabağ” yenə hazırlıq dövründə zəif nəticələr göstərib. Qələbə qazanmayan komanda cəmi 2 heç-heçə edib. Amma “Qarabağ”ın toplanışda hamıdan bərbad nəticələri həmişə aldadıcı olub. Dəfələrlə belə nəticələrə imza atan ağdamlılar sonradan ölkə daxilində rəqib tanımayıb.

Ən məhsuldar komanda
“Neftçi”, “Sabah” və “Qəbələ” kimi “Zirə” də Antalyada keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Rəşad Sadıqovun yetirmələri qələbə qazanmasa da, Türkiyədə ən məhsuldar komandamız olub. İki heç-heçəsi olan qəsəbə təmsilçisi bir dəfə uduzub. Bakılılar hamıdan çox – 6 qol vurub. Lakin təmsilçilərimiz arasında hamıdan çox – 8 top buraxan da məhz zirəlilərdir.

Baqanı peşman edən “Sumqayıt”
Aleksey Baqanın “Sumqayıt”da rəsmi debütünə hələ bir az vaxt qalsa da, belaruslu mütəxəssis artıq yoxlama oyunlarında hansı komandaya rəhbərlik etdiyini başa düşüb. Premyer Liqada turdan-tura üzüaşağı yuvarlanan sumqayıtlılar qardaş ölkədə də uduza-uduza “gəzib”. Üç matçdan yalnız birində uduzmayan “Gənclik şəhəri” təmsilçisi səfərdə ən uğursuz təmsilçimiz olub.
Bakıda qalanlar
Bu dəfə Premyer Liqanın iki klubu Antalyaya gedə bilmədi. Bunlar “Keşlə” və “Səbail”dir. Bakıda qalan komandalar bir neçə dəfə öz aralarında görüşdü və divizion təmsilçilərini sınağa çəkdilər.
Sülhsevərlik
Ümumilikdə komandalarımız Antalyada 19 matça çıxıblar. Bunların yarıdan çoxunda heç-heçə qeydə alınıb. 10 dəfə sülhə imza atan təmsilçilərimiz cəmi 2 qələbə qazanıb. Hər iki uğur 1:0 hesabı ilə qeydə alınıb. 7 dəfə isə rəqiblər qalib gəlib. 21 qola imza atan təmsilçilərimiz 30 top buraxıblar.
“Qarabağ”
Antalya, Türkiyə
“Qaz Metan” (Rumıniya) 0:0, “Baçka Topola” (Serbiya) 0:1, “Şlensk” (Polşa) 2:3, “Bohemians” (Çexiya) – ləğv edilib, “Visla” (Krakov, Polşa) 0:0
“Qəbələ”
Antalya, Türkiyə
“Zaqlembe” (Polşa) 1:2, “Boreç” (Şimali Makedoniya) 1:0, “Bohemians” (Çexiya) 1:3
“Neftçi”
Antalya, Türkiyə
“Kişvarda” (Macarıstan) 2:2, “Visla” (Plotsk, Polşa) 1:1, “Qurnik” (Leçna, Polşa) 1:0
“Zirə”
Antalya, Türkiyə
“Peç” 3:5, “Qurnik” (Leçna, Polşa) 2:2, “Breqaniça” (Şimali Makedoniya) 1:1
“Sabah”
Antalya, Türkiyə
“Pakş” (Macarıstan) 1:1, “Zarya” (Ukrayna) 1:1, “Mladost” (Serbiya) 1:1
“Sumqayıt”
Antalya, Türkiyə
“Yagelloniya” (Polşa) 0:0, “Berliner” (Almaniya) 2:5, “Şkupi” (Şimali Makedoniya) 1:2
|
1 |
Neftçi |
3 |
1 |
2 |
0 |
4-3 |
5 |
|
2 |
Sabah |
3 |
0 |
3 |
0 |
3-3 |
3 |
|
3 |
Qəbələ |
3 |
1 |
0 |
2 |
3-5 |
3 |
|
4 |
Zirə |
3 |
0 |
2 |
1 |
6-8 |
2 |
|
5 |
Qarabağ |
4 |
0 |
2 |
2 |
2-4 |
2 |
|
6 |
Sumqayıt |
3 |
0 |
1 |
2 |
3-7 |
1 |
|
|
|
19 |
2 |
10 |
7 |
21-30 |
16 |
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur