"Neftçi"dən göndərilməyim Bordinin qərarı deyildi" - MÜSAHİBƏ
16.11.2019 - 10:35
"Neftçi"dən göndərilməyim Bordinin qərarı deyildi" - MÜSAHİBƏ

"Neftçi"nin ötən ilin yayında "Şiroki Briyeq"dən transfer etdiyi Slavko Braliç 1 illik müqavilə bağlasa da, bu ilin əvvəlində öncə əvəzedici heyətdə yer aldı, ardından sözləşməsinə xitam verildi. Yunanıstana, AEL klubuna yollanan xorvatiyalı mərkəz müdafiəçisi apasport.az saytına müsahibəsində ölkəmizdə keçirdiyi dönəmi xatırlayıb.

- Azərbaycan çempionatını və "Neftçi"ni izləyirsinizmi?
- Düzdür, müntəzəm izləmirəm. Amma vaxt tapan kimi, Azərbaycan çempionatının oyunlarına, ən azı nəticələrinə baxıram.

- "Neftçi"də cəmi yarım mövsüm qaldınız. Azərbaycan karyeranızın uğursuz alınmasının səbəbi nə oldu?
- Bilmirəm. Halbuki çempionatda birinci pillədə idik. Görünür, klubdakı bəzi insanlar bunun yaxşı nəticə olmadığını düşünürdülər.

- Yunanıstan çempionatında müntəzəm çıxış edən bir futbolçu necə oldu ki, "Neftçi"də cəmi 6 ay oynaya bildi?
- Bəli, Yunanıstanda əsas heyətdə çıxış edirəm və futboldan zövq alıram. Hazırda hər şey ürəyimcə gedir. "Neftçi"də yarım mövsüm oynamağıma gəlincə, bunun günahkarı mən deyiləm.

- AEL-ə keçməzdən əvvəl ilin ilk ayında əvəzedici heyətə göndərildiniz. Bunun əsl səbəbi nə oldu?
- Həqiqətən də, səbəbini bilmirəm. Açığı, bu, elə mənim özümə də maraqlıdır.

- Hər halda, zəif futbolçu olsaydınız, indi AEL-in heyətində Yunanıstan çempionatında çıxış etməzdiniz. "Neftçi"də baş məşqçi, yoxsa rəhbərlik sizi "qara siyahı"ya salmışdı?
- Sizinlə razıyam, pis futbolçu Yunanıstan klubuna keçməz və burada daim oynamaz. Roberto Bordinlə heç bir problem yaşamadım. Oradan göndərilməyim onun qərarı deyildi. Ümumiyyətlə, bu məsələ barədə fikir bildirmək istəmirəm. Onların hamısı geridə qaldı. İrəli baxmaq lazımdır. 

- Bəlkə problemin kökündə duran səbəb maliyyə məsələsi idi?
- Xeyr, belə bir problem hiss etmədim. Orada maliyyə ilə bağlı heç bir problemim olmadı.

- Yunanıstan çempionatı ilə Azərbaycan Premyer Liqası arasında çox fərq var?
- Onu deyə bilərəm ki, Yunanıstan çempionatının səviyyəsi Azərbaycandan yüksəkdir.

- Yəni Azərbaycan klubların səviyyəsi aşağı idi?
- Düşünürəm ki, səviyyə normaldır. Ancaq "Neftçi" və "Qarabağ" digərlərindən bir pillə yüksəkdədir.

- Azərbaycana yenidən qayıtmaq variantınız yaransa, cavabınız nə olar?
- Açığı, indi bu barədə düşünmürəm. Belə bir variantı hələ ki, heç təsəvvür də etmirəm. Daha güclü çempionatlarda çıxış etmək istəyirəm.

- Ölkəmizdə qısa müddət qalsanız da, yəqin ki, sizdə müəyyən təəssürat yaranıb. Bakı, insanlar və meydandan kənar digər amillərlə bağlı nə deyə bilərsiniz?
- Bakı heyrətamiz şəhərdir. Orada yaşamaqdan çox məmnun idim. İnsanlar mehriban, istiqanlıdırlar. Üstəlik, Azərbaycanın mədəniyyəti, mentaliteti maraqlı gəlirdi. Arxitektura məni heyrətləndirdi, yaxşı mənada təəccübləndirdi. Yeməkləriniz də çox xoşuma gəlirdi. 

- Azərbaycanda hələ də əlaqədə olduğunuz futbolçu var?
- Bəli, "Qarabağ"da çıxış edən Filip Ozobiçlə tez-tez söhbət edirik.