"Demək olar ki, ardıcıl iki gün futbolçulara bir hissə şans verdik. Hər iki görüşdə eyni heyətləri meydana buraxdıq ki, futbolçular özlərini yaxşı hiss etsinlər".
Apasport.az saytının məlumatına görə, bunu Kiyev "Dinamo"sunun köməkçi-məşqçisi Vadim Yevtuşenko deyib.
62 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Neftçi" ilə Antalyada keçirilən yoxlama görüşünü dəyərləndirib. Yevtuşenko 2:1 hesablı qələbəyə baxmayaraq, komandasının çıxışından narazılıq bildirib: "Nəticə pis deyil, erkən qollar vurduq. Ancaq oyun keyfiyyəti bizə yaraşmır. Futbolçularımıza nəyin maneçilik törətdiyini bilmirəm, amma inanılmaz dərəcədə top itkilərinə yol verdik. Görüş mənim istədiyim axarda keçmədi. Bəli, bir qədər yüklənmə var. Buna baxmayaraq, keyfiyyət aşağı idi. Uşaqlarda bir qədər əsəbilik var idi. Bəlkə də, bunun səbəbi fasiləsiz məşqlər etməyimizdir ki, futbolçular fiziki və psixoloji cəhətdən yoruldular".
Məşqçi "Neftçi"nin oyununa da qiymət verib. O, Azərbaycan təmsilçisinin ikinci hissədə daha yaxşı oynadığını vurğulayıb: "Birinci hissə daha yaxşı alındı. Qısa zamanda üstünlüyə yiyələndik. Xüsusən də, sol cinah yaxşı işləyirdi. Hər iki qolda uğurlu kombinasiya quruldu. Təəssüf ki, ikinci hissədə topu ayağımızda saxlaya bilmədik. Yenə də sürətli əks-hücumlar imkanımız olurdu. Lakin futbolçular bundan yararlana bilmirdilər. O ki qaldı rəqibə, "Neftçi"də məşqçinin ikinci hissədə daha sıx və aqressiv oynamaq tapşırığını verdiyini hiss etdik. Həqiqətən də, onlar ikinci hissədə çox aqressiv idilər. Bu da bizim yaxşı oynamamağımızın səbəblərindən biri idi. Rəqib futbolçular bəzən kobud da oynayırdılar. Ancaq futbolda belə hallar olur. Zədə almamaq üçün topla sürətli işləmək və tez-tez ötürmə vermək lazımdır".