"Niyə də ikinci sensasiya baş verməsin?" - Vadim Vasilyev
27.11.2019 - 16:38
"Niyə də ikinci sensasiya baş verməsin?" - Vadim Vasilyev

"Hamı kimi, biz də "Qarabağ"ın qrupdan çıxmasını arzulayırıq".

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Vadim Vasilyev deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Sevilya" - "Qarabağ" oyununu dəyərləndirib. Milli komandamızın sabiq üzvü Azərbaycan çempionunun şansının az olduğunu etiraf edib: "Sevilya" önündə şansları nəzərdən keçirməzdən öncə iki ölkənin çempionatına baxmaq lazımdır. Düzdür, bir oyunda müsbət köklənmə ilə nəsə etmək olar. Futbolda günündə olmaq deyilən bir şey var. Amma bilmək olmur, bu, "Sevilya" ilə, yoxsa "Sabah"la oyun gününə təsadüf edəcək. Ümid edirəm ki, həmin futbol şansı "Sevilya" ilə matçda olacaq və "Qarabağ" İspaniyadan xalla dönəcək". 

Vaxtilə "Qarabağ"ın formasını geyinmiş Vasilyev Ağdam təmsilçisinin işinin çox çətin olduğunu vurğulayıb: "Məsələnin ikinci bir tərəfi də var. Görün sabahkı qarşılaşma öncəsi "Qarabağ" kimlə oynayıb, "Sevilya" kimlə. "Sumqayıt" fərqli, "Sevilya" isə fərqli temp tələb edən komandalardır. Ancaq İspaniya La Liqasında temp hər zaman yüksək olur".

Keçmiş hücumçu "Qarabağ"ın növbəti mərhələ uğrunda yarışda üstünlüyü öz əli ilə APOEL-ə verdiyini söyləyib: "İlk iki turdan sonra hamımız "Qarabağ"ı qrup ikinciliyinə favorit sayırdıq. Gözlənilməz bir şey oldu, indi hər şey APOEL-in əlindədir. Bilmirəm, bəlkə də, APOEL-lə oyunlara komanda düzgün motivasiya olunmamışdı. "Qarabağ" bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində də APOEL-ə uduzmuşdu. Belə arzuolunmaz komandalar olur. Bəzən hansısa rəqibdən həm heyət, həm büdcə baxımından üstün olursan, amma ona qarşı oyunların heç cür alınmır. APOEL-lə də belə oldu. Amma ümid həmişə var. Unutmayaq ki, Kipr komandası "Düdelanj"la səfərdə üz-üzə gələcək. O "Düdelanj" ki, Kiprdə bu rəqibinə qalib gəlib. Lüksemburq komandasında psixoloji üstünlük var və rəqibdən qorxusu yoxdur. Niyə də ikinci sensasiya baş verməsin?"

Qeyd edək ki, sabah "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.