"Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik".
Apasport.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.
Bakı klubu Antalya toplanışı çərçivəsində bu gün son yoxlama görüşünü Moskva “Spartak”ının əvəzedici komandasına qarşı keçirib və qollu bərabərliklə (2:2) kifayətlənib. Klubun rəsmi saytına danışan Sopiç əvvəlcə bugünkü qarşılaşmanı dəyərləndirib: “Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.
Xorvatiyalı mütəxəssis artıq başa çatan təlim-məşq toplanışına da qiymət verib. O, hazırlıq dönəmindən razılıq bildirib: “14 günlük Antalya toplanışından tam razı qaldım. Burada olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.
Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmuşdu. Türkiyədəki hazırlıqda çempionatdakı gənc futbolçu limitinə uyğun 10 gənc futbolçu iştirak edib. Sopiç gənclərin də çıxışından razı qalıb: “Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.
Sopiç sonda çempionatın ikinci yarısına olan gözləntiləri barədə danışıb: “Hazırda Cavid İmamverdiyevin və Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi biz var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna kimi tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək