“Olduqca cəlbedici təklif idi” - "Qarabağ"a "yox" deyən mərakeşli
22.01.2020 - 12:27
“Olduqca cəlbedici təklif idi” - "Qarabağ"a "yox" deyən mərakeşli

"Reyms"in futbolçusu Yunis Abdelhamidin karyerasını Azərbaycanda davam etdirmək imkanı olub.

Apasport.az saytının məlumatına görə, bunu "France Football"a müsahibəsində Mərakeş millisinin mərkəz müdafiəçisi özü deyib.

Karyerası boyu yalnız Fransada çıxış etmiş 33 yaşlı oyunçu 2016-cı ildə başqa ölkəyə yollanmaq şansı yaxaladığını, lakin son anda bundan imtina etdiyini açıqlayıb. Abdelhamid həmin komandanın məhz "Qarabağ" olduğunu vurğulayıb: "Başqa ölkədə çıxış etmək fikrinə düşmüşdüm. Həmin ərəfədə "Qarabağ"dan təklif gəldi. Olduqca cəlbedici təklif idi. Yalan danışmaq istəmirəm, maddi cəhətdən də sərfəli idi. Düzü, tərəddüd etdim, getmədim. Amma 2016-17 mövsümündə "Dijon"da uğursuz təcrübədən sonra ayrılmaq şərt oldu. "Reyms"in təklifi də yerinə düşdü, mən də bura keçdim".

Qeyd edək ki, Yunis Abdelhamid 2017-ci ildən bəri "Reyms"in formasını geyinir.