“Olimpiakos” “Neftçi” qarşısında qətiyyən problem yaşamayacaq”.
Apasport.az saytının məlumatına görə, bunu “İonikos”un yarımmüdafiəçisi Vangelis Platellas deyib.
“Neftçi”nin sabiq futbolçusu Yunanıstan mətbuatına açıqlamasında Çempionlar Liqasının II təsnifat mərhələsində təmsilçimizə rəqib olan “Olimpiakos”un şanslarını dəyərləndirib: “Olimpiakos” mərhələni asanlıqla keçəcək. “Olimpiakos” daha yüksək səviyyəli komandadır. Ancaq bütün matçlarda olduğu kimi, “Neftçi” ilə görüşdə də diqqətli olmaq lazımdır. Rəqib artıq iki rəsmi oyun keçirib, ancaq “Olimpiakos” yalnız yoxlama görüşləri ilə kifayətlənib.
Platellas “Neftçi”nin ən təhlükəli futbolçularının adlarını da açıqlayıb. O, baş məşqçi Pedro Martinsin iki oyunçudan ehtiyat etməli olduğunu düşünür: “Neftçi”nin ən keyfiyyətli futbolçuları yarımmüdafiəçi Emin Mahmudov və ön xətdə oynayan Namiq Ələsgərovdur. Mahmudov uzun illər Rusiyada oynayıb. Topla oynamağı sevən, onu itirməyən, meydanda düzgün mövqe tutmağı bacaran “8 nömrədir”. Eyni sözlər Ələsgərova da aiddir. Cinahdan sürətli keçidlər etməyi bacarır”.
33 yaşlı pleymeyker 2019/20 mövsümündə formasını geyindiyi Azərbaycan klubunun oyun üslubundan da bəhs edib: “Neftçi” müdafiəyə qapanan komanda deyil. Öz ambisiyaları var, Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyirlər. Aqressiv oynamağı sevirlər. Amma bu, “Olimpiakos”un yüksək səviyyəli oyunçuları tərəfindən ən yaxşı şəkildə zərərsizləşdiriləcək dərəcədədir. Müdafiədə ləng komandadır, ciddi boşluqlar buraxır. Ev oyunlarını keçirdiyi “Bakcell Arena” isə “Olimpiakos”u qorxuda biləcək stadion deyil. Orada atmosfer Yunanıstan stadionlarındakı kimi isti deyil”.
Qeyd edək ki, “Olimpiakos”la “Neftçi” arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək.