“Onlarla özünü daha təhlükəsiz hiss edirsən” – millimizin rəqibi
06.10.2020 - 17:22
“Onlarla özünü daha təhlükəsiz hiss edirsən” – millimizin rəqibi

“Millətlər Liqasının qrupunda 6 qələbə qazanmaq arzumdur. Amma bunu reallaşdıracağımızı deyə bilmərəm”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.

O, Latviya ilə sabah keçiriləcək yoxlama oyununa həsr olunan mətbuat konfransında iştirak edib. Mütəxəssis Millətlər Liqasının oktyabrın 10-da Azərbaycan, 13-də Lüksemburqa qarşı keçiriləcək matçlar barədə də fikirlərini bildirib: “Yaxşı rəqiblərimiz var. Lüksemburqla ilk qarşılaşmada bir az bəxtimiz gətirdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da belə olacaq. Millətlər Liqası başa çatanda qrupun favoriti olduğumuzu deyəcəyəm. Amma indi bu haqda danışmaq istəmirəm. Hesab edirəm ki, bizim yaxşı komandamız var. Heyətdə Stevan Yovetiç, Stefan Saviç, Fatoş Beçiray, Nikola Vukçeviç kimi oyunçular olanda hər şey daha yaxşı alınır və özünü daha təhlükəsiz hiss edirsən. Biz komanda olaraq daha irəli gedə bilərik. Komandamızda Stevanla Stefandan başqa da yaxşı oyunçular var. Lakin onlar əsl liderlərdir”.

Qeyd edək ki, ilk iki turda qələbə qazanan Monteneqro millisi və Azərbaycan arasında qarşılaşma Podroritsada təşkil olunacaq.
 

0