"Onu mətbuatda çox şişirdirlər" - Vüsal İsgəndərli
24.11.2019 - 17:59
"Onu mətbuatda çox şişirdirlər" - Vüsal İsgəndərli

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının XII turunda "Zirə" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Apasport.az saytının məlumatına görə, o, görüşdəki 1:3 hesablı məğlubiyyətdən və Azərbaycan millisindəki debütündən danışıb. 

- Heç kim "Keşlə"nin belə asan məğlub olacağını düşünmürdü. Oyunla bağlı nə deyə bilərsiz?
- Matçın çətin keçəcəyini bilirdik. "Zirə" çempionatda hər bir klubdan xal ala biləcək gücdədir. "Qarabağ"la belə səfərdə heç-heçə oynadı. Deyərdim ki, fərdi yox, komanda şəkilində oyuna hazır deyildik. Sadəcə, ayılmaq lazımdır. Növbəti qarşılaşmada "Sumqayıt"la görüşə daha yaxşı hazırlaşmalıyıq. 

- Bəlkə "Neftçi" üzərində qazanılan qələbədən sonrakı rahatlıq səbəbindən "Keşlə" meydanda belə inamsız görünürdü?
- Elə deməzdim. Komanda peşəkarlardan ibarətdir. Hələ seriya irəlidədir. Bir neçə oyun idi uduzmurduq. Axırıncı dəfə "Səbail"ə evdə 1:2 hesabı ilə məğlub olmuşduq. Bəli, "Neftçi" ilə oyundan sonra hamı bizi tərifləyirdi. Amma bu futboldur. Uduzmaq da gələcək oyunlara daha yaxşı hazırlaşmaq üçün bir dərsdir. 

- Fasilədə komandanın rəhbəri Zaur Axundov soyunub-geyinmə otağına düşmüşdü. Əsəbi idimi və ya sizə nə dedi?
- Əsəbi deyildi. Sadəcə özümüzə inanmağı, daha çox çalışmalı olduğumuzu, əsil "Keşlə"ni görmək istədiyini dedi. Onu mətbuatda çox şişirdirlər. Guya soyunub-geyinmə otağına girib söyüş söyür, tənqid edir, təhqir edir. Elə şey olmur. Mən bura gələndən Zaur Axundovun gəlib mükafatın məbləğini dediyini və qələbəni təbrik etdiyini görmüşəm. Uduzanda da bir prezident kimi iradını bildirir, lazımı tövsiyələrini verir. 

- Ehtiyat skamyanız çox kasaddır. Sezar Meza Kolli qırmızı vərəqə aldı və növbəti turda "Sumqayıt"la oyunu buraxacaq. Həmin matçla bağlı nə düşünürsüz?
- Ehtiyatda oturanlar da yaxşı oyunçulardır. Amma hər komandada görüşün axarını dəyişə biləcək yerli və əcnəbi futbolçular var. Bəli, bu, bizdə azdır. Rəqabət daha çox olanda hər şey yaxşı olur. 

- Millidə ilk oyununuzu keçirdiz. Təəssüratlarınız necədir?
- Komandada çox yaxşı qarşılandım. Baş məşqçi də razılığını bildirirdi və dedi ki, əziyyətinin bəhrəsi sayəsində burdasan. Uelsdən də, Slovakiyadan da xal almaq olardı. Növbəti matçlarda da çıxışımla yenə əsas komandaya çağırılmaq istəyirəm. Yığmada oynamaq qürurdur. 

- AFFA-nın baş katibi Elxan Məmmədov də baş məşqçi Nikola Yurçeviçin göndərilməsinin gündəmdə olduğunu deyib. Necə düşünürsüz, yeni çalışdırıcı  yerli olsun, yoxsa əcnəbi?
- O mənim verə biləcəyim bir sual deyil. Mənim işim futbol oynamaqdır.