"Ovusu komandadan qaçdı. "Kordoba"da oynamaq istəməyən bir futbolçunu mən də burada görmək istəmirəm".
Apasport.az saytının məlumatına görə, bunu "Kordoba"nın baş məşqçisi Raul Aqne deyib.
İspaniyada gücünə görə sayca üçüncü liqa təmsilçisi ilə mövsümün sonuna qədər icarə müqaviləsi olan Ovusu Kvabenanın "Qarabağ"a transferi "Kordoba" rəhbərliyi kimi, baş məşqçini də qəzəbləndirib. 50 yaşlı mütəxəssis onun gələcəkdə Azərbaycan klubuna da problem yaradacağına işarə vurub: "İnsan getdiyi yerdə həyatından məmnun olmalıdır. İdmançı olmazdan əvvəl başa düşməlisən ki, sənə pul verən klub var. Bunun hər şeydən üstün olduğunu dərk etmək lazımdır. Artıq olan olub. Ovusu hara gedirsə-getsin, onları nələrin gözlədiyini bilmirlər. Oyun başa çatdı, butslarını götürüb getdi və ertəsi gün məşqə çıxmadı. Mənə də heç nə demədi. Onun hərəkətini heç cür başa düşə bilmirəm. Çünki mən fərqli mədəniyyət görmüşəm. Sevinirəm ki, artıq bizimlə deyil. Çünki o bir Eto deyil".
Qeyd edək ki, "Leqanes"dən transfer edilən Ovusu Kvabena "Qarabağ"la 3 il yarımlıq müqavilə bağlayıb.