"Problemlərimiz var" - millimizin baş məşqçisi
21.01.2020 - 23:33
"Problemlərimiz var" - millimizin baş məşqçisi

"İlk 10 dəqiqədə komandam çox sakit idi. Uşaqlar sanki oyunda deyildilər".

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Özbəkistanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

DÇ-2020-nin elit-raunduna hazırlaşan yığmamız Bakı İdman Sarayında baş tutan qarşılaşmada rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Oyunu dəyərləndirən da Silva heyətdəki problemləri qabardıb: “Oyunçular ilk hissənin tən yarısı geridə qaldıqdan sonra oyuna kökləndilər. Özbəkistan millisi bizə qarşı ikiqat istəkli idi. Bizdə isə hazırda Yüksək Liqada fasilədir və futzalçıları yenidən formaya salmalıyıq. Əvvəlcədən də dediyim kimi, heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçularımız zədəsini yeni sağaldıb".

Baş məşqçi bu rəqiblə sabah keçiriləcək növbəti yoxlama görüşündə qələbə qazanmaq istədiklərini vurğulayıb: "Əlbəttə, bu cür oyunlarda nəticədən çox, komandanın hazırlıq vəziyyətini yoxlamaq vacibdir. İndi səhvlərimizi görməliyik ki, rəsmi oyunlarda bunu etməyək. Sabahkı oyuna qədər bunu analiz edəcəyik və bu dəfə fərqli çıxış edəcəyik. Təbii ki, ikinci dəfə məğlub olmaq istəmirik”.