Uğursuz mövsüm keçirən “Qalatasaray” yayda heyətində ciddi islahatlar aparacaq.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi transfer hədəfindəki futbolçuları müəyyənləşdirməyə başlayıb.
“Sarı-qırmızılılar”ın yayda heyətə qatmaq istədiyi oyunçulardan biri də “Mançester Siti”nin hücumçusu Kaykidir. Türkiyə təmsilçisi “şəhərlilər”in ötən il “Fluminense”dən 10 milyon avroya transfer etdiyi 19 yaşlı braziliyalını icarəyə götürmək niyyətindədir.
Bununla bağlı baş məşqçi Domenek Torren uzun illər birlikdə çalışdığı “Mançester Siti”nin çalışdırıcısı Pep Qvariolaya zəng vurub. İspaniyalı mütəxəssis də gənc hücumçusunun oyun praktikası toplamaq üçün icarəyə verilməsinə müsbət baxır. Klublar ortaq məxrəcə gələ bilsə, “Qalatasaray” Kaykini mövsümün sonunda birillik icarəyə götürəcək.
Qeyd edək ki, Kayki bu mövsüm “Mançester Siti”nin əvəzedici heyətində 11 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.