“Qarabağ”, “Neftçi” və “Zirə” – üçü də gözləyir...
25.04.2022 - 15:39
“Qarabağ”, “Neftçi” və “Zirə” – üçü də gözləyir...

Azərbaycan Premyer Liqasının növbəti turu bəzi suallara aydınlıq gətirə bilər.

Apasport.az saytının məlumatına görə, buna dünən baş tutan XXIV turun oyunlarından sonra yaranan vəziyyət səbəb olub.

Finişə 4 tur və təxirə salınmış 1 oyun, ümumilikdə cəmi 17 matç qalsa da, arıq üç sualın cavabı qarşıdakı həftəni gözləyir. Bunu gözləyənlər “Qarabağ”, “Neftçi” və “Zirə”dir.

Çempionluğa bir addım
“Qarabağ” çempion olmaq üçün “Sabah”a uduzmamalıdır. Ağdamlılar məğlub olsa, “Neftçi”nin istənilən xal itkisi Qurban Qurbanovun komandasının işinə yarayacaq.

“Neftçi” mükafat arzusunda
Artıq avrokuboklara vəsiqəni təmin edən “Neftçi”yə də “Qarabağ” kimi bir xal lazımdır. “Ağ-qaralar” “Sumqayıt”la matçda uduzmasa, ilk “üçlük”də yerini təmin edib mükafatçılar sırasında olacaq. Bakılılar məğlub olsa, “Sabah”la “Qəbələnin ikisinin də xal itirməsinə ümid edəcək.

Qalib gəl, Avropaya get
“Zirə” uzun fasilədən sonra yenidən avrokuboklarda iştirakını indidən təmin edə bilər. Bunun üçün Rəşad Sadıqovun yetirmələri “Qəbələ” ilə ev matçında qalib gəlməlidir. Təbii ki, bunadək baş tutacaq kubokun yarımfinalında “Qəbələ” sensasiyaya imza atmasa. 

“Zirə”yə heç-heçə də yetərli ola bilər. Amma bunun üçün kubokda “Qəbələ”, qarşıdakı turda isə “Sabah” uduzmalıdır.