“Qarabağ” Antalyadan qələbəsiz dönür
25.01.2022 - 20:25
“Qarabağ” Antalyadan qələbəsiz dönür

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Polşa təmsilçisi “Visla” ilə görüşüb.

Krakov klubu ilə qarşılaşma iki deyil, üç hissədən ibarət olub. Lakin komandaların qol vurması üçün üç hissə də yetərli olmayıb və rəqiblər qolsuz sülhə imza atıb. Bununla da “Qarabağ” Antalya toplanışını qələbəsiz başa vurub.

Öncədən Ağdam təmsilçisinin bu gün iki matç keçirməsi nəzərdə tutulmuşdu. Lakin Çexiya “Bohemians”ı ilə saat 12:00-da başlamalı olan görüş ləğv edilib. Buna Antalyada yağan güclü qar səbəb olub. Meydanın qar altında qalması üzündən görüşü keçirmək mümkünsüzə çevrilib.

Qeyd edək ki, “Qarabağ” bunadək üç oyun keçirib. “Qaz Metan”la (Rumıniya) qolsuz heç-heə edən ağdamlılar “Baçka Topola”ya (Serbiya) 0:1, “Şlensk”ə (Polşa) 2:3 hesabı ilə uduzub.

Yoxlama oyunları
25 yanvar
12:00. “Qarabağ” – “Bohemians” (Çexiya) – ləğv edilib
17:45. “Qarabağ” – “Visla” (Krakov, Polşa) - 0:0