“Qarabağ” bizə azadlıq dərsi keçdi” - Xorxe Sampaoli
28.02.2022 - 09:57
“Qarabağ” bizə azadlıq dərsi keçdi” - Xorxe Sampaoli

“Gənc komandamız, yeni formalaşan heyətimiz var. Bu üzdən cari mövsüm bəzi çətinliklərimiz oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli deyib.

Argentinalı mütəxəssis növbəti dəfə Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gəldikləri “Qarabağ”ı yada salıb. Sampaoli Bakıdakı cavab görüşündə Ağdam təmsilçisinin ləğv edilən qolu barədə yenidən fikir bildirib: “İndiki futbolda ən vacibi qələbə qazanmaqdır. Oyunların məzmununu, demək olar ki, izləmirik. Nəyin bahasına olursa-olsun qələbə arzusunun olduğu bir vaxtda vurduğu qolu ləğv elətdirən “Qarabağ”ı təbrik etdim. Bütün bunlar futbolçularda böyük təzyiq yaradır. “Qarabağ” bizə azadlıq dərsi keçdi. Onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər. “Qarabağ” bunu bizdən əvvəl də edirdi”.

Qeyd edək ki, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə həmin top hesaba alınmayıb. İlk oyunda da rəqibinə 1:3 hesabı ilə uduzan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.