Klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 2022-ci ilin ikinci oyun həftəsində 20 matç baş tutub.
Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti 4 oyunu, Avropa Liqası və Konfrans Liqasında pley-offun cavab matçları siyahıda cüzi dəyişikliklərə səbəb olub. Azərbaycanın yalnız bir klubu ən yaxşı 100 komanda sırasında yer alıb.
Konfrans Liqasında “Marsel”ə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Qarabağ”ın mövqeyi dəyişməyib. 62-ci yerə şərik olan təmsilçimiz 25,000 xala malikdir.
Qurban Qurbanovun yetirmələri kimi “Başakşəhər” və “Monako”nun göstəricisi eynidir. Amma Ağdam klubu mübarizəni dayandırdığından mövqeyini itirmək təhlükəsi ilə üz-üzə qalıb. “Monako”, həmçinin aşağı sıralardakı “Partizan”, PAOK, “Vest Hem”, “Lester” və “Betis” təmsilçimizi keçmək üçün real şanslara malikdir.
Qeyd edək ki, siyahıya 134,000 xalla “Bavariya” başçılıq edir.