Azərbaycan Premyer Liqasında lehinə və əleyhinə ən çox penalti təyin olunan klublar bəlli olub.
Apasport.az saytının məlumatına görə, arxada qalan 27 turda ümumilikdə 41 belə zərbə təyin edilib.
Onlardan 30-u qolla nəticələnib. 11 penalti isə qola çevrilməyib.
Hakimlər “Qarabağ”ın xeyrinə daha çox – 9 belə cərimə zərbəsi verib. Amma ağdamlılar bunun az qala yarısından yararlanmayıb.
Çempionatın liderini izləyən “Sumqayıt”da da zərbələrdən istifadə bərbad sayılır. Onlar 8 penaltidən üçünü qaçırıb.
Penaltidən ən çox qol vuran “Neftçi”dir. Bakılılar 100 faizlik nəticə göstərən üç komandadan biridir. Digər iki klub – “Zirə” və “Qəbələ” nadir hallarda belə şans qazanıb. Sonuncular “Keşlə” kimi cəmi bir imkan əldə edib. Amma paytaxt təmsilçisi bu şansı qaçıraraq penaltidən qol vurmayan yeganə komanda olaraq qalır.
Penalti vuranlar
1. “Qarabağ” – 9 (4)
2. “Sumqayıt” – 8 (3)
3. “Neftçi” – 7
4. “Səbail” – 7 (1)
5. “Sabah” – 6 (2)
6. “Zirə” – 2
7. “Qəbələ” - 1
8. “Keşlə” – 1 (1)
Ən çox cəzalanan isə “Sabah”dır. Bakılılar həm də daha çox - 6 qolu 11 metrlik nöqtədən buraxıb.
6 dəfə cəzalanan “Zirə”nin cəmi 2 top buraxması diqqət çəkir. “Səbail”lə “Qarabağ”ın qapısına təyin edilən hər penalti qolla nəticələnib.
Penalti ilə cəzalanan
1. “Sabah” – 7 (1)
2. “Neftçi” – 6 (1)
3. “Zirə” – 6 (4)
4. “Keşlə” – 6 (2)
5. “Səbail” – 5
6. “Qəbələ” – 5 (2)
7. “Qarabağ” – 3
8. “Sumqayıt” – 3 (1)