Azərbaycan Premyer Liqasının sabah keçiriləcək XV turunun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, ölkənin iki ən titullu klubu Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
Oyun ərəfəsində videoçarx hazırlayan “Qarabağ”ın mətbuat xidməti klubun feysbuk səhifəsində derbidə ilk qolun görüntüsünü paylaşıb. Həmin görüşdə bakılıların qapısına yol tapan Zaur Qarayev matçı xatırlayıb: “1992-ci il idi, sentyabrın 26-sı. Oyun məhz bu stadionda – Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirdi. Mən Səttar Əliyevin ötürməsindən sonra qolu məhz bu qapıya vurdum. “Qarabağ”la “Neftçi” 80 dəfə qarşılaşıb. “Qarabağ” 30 qələbə qazanıb, 90 qol vurub. Bu gün hər şey fərqlidir, dəyişməyən məkandır. Düz 28 il 100 gün sonra Tofiq Bəhramov adına Respublika stadionu. “Qarabağ” – “Neftçi”. 13 fevral saat 18:30-da”.
Qeyd edək ki, 1992-ci ildə keçirilən ilk oyunda 1:1 hesabı qeydə alınıb.