Həftəsonu Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşə bilər.
Apasport.az saytının məlumatına görə, “Qarabağ” son 9 mövsümdə 8-ci, ümumilikdə isə 9-cu çempionluğuna çox yaxındır.
Bunun baş verməsi üçün Qurban Qurbanovun yetirmələri XXIV turda səfərdə “Qəbələ”yə qalib gəlməli, həmçinin ən yaxın izləyicisi “Neftçi” isə “Səbail”lə görüşdə büdrəməlidir. Ağdamlılar bölgədən 3 xalla döndükdən sonra “ağ-qaralar”ın hətta bərabərliyi də kifayət edəcək.
Əzəli rəqiblər arasında hazırda xal fərqi 11-dir. Son 4 tur ərəfəsində “Qarabağ” bu fərqi 12 xala yüksəltsə, yenə çempionluğunu rəsmiləşdirəcək. Yəni komanda heç-heçə təqdirində qızıl medalları bu tur təmin etməsi üçün “Neftçi”nin “Səbail”ə uduzmasını gözləməli olacaq. Çünki şəxsi oyunlarda Samir Abasovun kollektivi ilk üç dövrənin hər birində rəqibinə uduzub.
XXIV tur “Neftçi”nin də avrokuboklara vəsiqəni təmin etməsi ilə əlamətdar ola bilər. Bakılılar beşinci yerdəki “Sabah”dan 12 xal öndədir. Aprelin 24-dəki qarşılaşmalarda bu fərq azalmasa, “Neftçi” Avropa arenasına yollanmaq vəzifəsinin öhdəsindən gələcək. Şəxsi oyunlarda “Sabah”ı 3 dəfə məğlub edən “ağ-qaralar” rəqibinə 1 görüşdə yenilib.
“Neftçi” və “Sabah”ın növbəti turda qələbəsi gözləniləndir. Çünki hər ikisi zəif rəqiblə qarşılaşacaq. Bu baş verərsə və “Qəbələ” “Qarabağ”a uduzarsa, “Neftçi” həm “Qəbələ”ni, həm də “Sabah”ı 12 xal qabaqlayacaq. Hətta bu halda da Samir Abasovun komandası avrokuboklarda iştirak hüququ əldə edəcək. Belədə son 4 turda “Qəbələ” və “Sabah” ən yaxşı halda “Neftçi” ilə xalları bərabərləşdirməyə ümid edə bilər. Bu vəziyyətdə də son çempion rəqiblərini şəxsi oyunlarda üstələmiş olacaq. Bir sözlə, “Neftçi”ni indi avrokuboklardan cəmi 1 qalibiyyət ayırır.